Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev ötən il Təhsil Nazirliyi qarşısında hicaba qadağaya kütləvi etiraz aksiyasında iştirak etdiklərinə görə həbs edilmiş bir sıra məhkumlara baş çəkib.
Bu barədə Eynulla Fətullayev KİV-ə məlumat verib. O deyib ki, 16 saylı cəzaçəkmə müəssisəsində saxlanan islamçı-məhkumlar İsmayılov Tərlan, Məmmədov Həsən, İsmayılov Araz, Abdullayev Mais, Nuriyev Rüfət, Məmmədov Nizami, Vəliquliyev Rəşad saxlanma şəraiti ilə bağlı hər hansı bir şikayət təqdim etməsələr də, həbslərini və məhkum olunmaqlarını siyasi motivlərlə bağlayırlar və dərhal azad olunmaqlarını tələb edirlər. Bu məhkumlar təəssüflə bildirdilər ki, Amnesty İnternational təşkilatı indiyədək onları vicdan məhbusu qismində tanımayıb.
E.Fətullayev məhkumlara bildirib ki, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasser bu şəxsləri ehtimal edilən siyasi məhbus qismində tanıyaraq, onların işlərinin yenidən araşdırılmasını zəruri sayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır