11 yanvar 2012 - 20:30

Küçəyə atılan 168 ailənin hamısı məhkəməyə verildi; NZS izdihamlı mitinq meydanına döndü; 300 sakin prezidenti ARDNŞ rəhbərliyinin qanunsuz əməllərinə “dur” deməyə çağırdı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsinin sakinləri evlərinin Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən sökülməsinə görə yenidən küçələrə çıxdı. Müxalifətin izdihamlı mitinqlərindən heç də fərqlənməyən və təxminən 300 nəfərin iştirak etdiyi aksiyanın qarşısını almaq heç cür mümkün olmadı.

Sakinlər əvvəlcə ARDNŞ-in İ.Məmmədov küçəsində sonradan tikdiyi hasarın qarşısına yığışaraq bu qurumun rəhbərliyinə lənət oxudular. Sonra izdihamlı mitinq dalğası İ.Məmmədov küçəsinə doğru yönəldi. Burada da zərərçəkənlər dövlət başçısını ARDNŞ rəhbərliyinin qanunsuz əməllərinə “dur” deməyə çağırdı.

Yerli sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, son bir həftədə ARDNŞ rəhbərliyi tərəfindən müxtəlif təzyiqlərə məruz qalıblar. Dövlət Neft Şirkəti sakinlərin evlərinin sənədlərini qanunsuz hesab edərək onları bir-bir məhkəməyə verib. İ.Məmmədov küçəsində yaşayan Vasif Şıxalıyev deyir ki, bütün məhkəmə prosesləri onların iştirakı olmadan keçirilib: “Məhkəmə vaxtilə bələdiyyədən və “JEK”dən aldığım sənədi saxta elan etdi. Bilirik ki, bunlar ARDNŞ rəhbərliyinin sifarişi əsasında edilir.  Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədova təzyiq edilir. O da bizim əleyhimizə qətnamə qəbul edir”.

Sakinlər deyir ki, ötən ilin dekabrında Xətai Rayon İcra Hakimiyyətinin qəbulunda olublar. İcra başçısı isə sakinlərə problemləri ilə maraqlanacağı vədini verib: “İndi məhkəmə deyir ki, evini sök, torpağı ARDNŞ-ə ver, 103 manat cərimə ödə. Axı niyə? Biz ki, burda qanunsuz məskunlaşmamışıq. Bütün sənədlərimiz qaydasındadır. Vəziyyət o həddə çatıb ki, bunlar Daxili İşlər Nazirliyinin verdiyi şəxsiyyət vəsiqəsini də saxta sənəd kimi qeydə alır”.

Naxçıvanın Nehrəm kəndindən gəlib NZS-də min bir əziyyətlə tikdiyi evinin halına yanan 75 yaşlı Nərgiz Vəliyeva isə deyir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev onun qucağında böyüyüb: “Uşaqlığı bizim həyətdə keçib. İndi də evimi başıma yıxır. Biz qəsəbə sakinləri qorxmuruq, çəkinmirik. Sonadək mübarizə aparacağıq. Lazım gəlsə, Prezident Administrasiyasının qarşısında çadır qurub oturaq aksiya edəcəyik. O günə kimi ki, haqq səsimizi eşidəcəklər”.

Bəzi sakinlər isə deyir ki, bu küçə cəbhəyə 13 əsgər yola salıb: “Övladlarımız erməni ilə ona görə üz-üzə dayanıb ki, evlərini başına uçursunlar. O uşaqlarda hansı vətənpərvərlik ruhu olacaq? Heç olmasa bunu düşünsünlər. Axı prezident də dedi vətəndaşlara imkan yaradılsın ki, sənədsiz evlərini sənədləşdirsinlər”.

Qəsəbə sakini Hörmət Vəliyev isə deyir ki, özü Rusiyada ola-ola məhkəməsi keçirilib və onun əleyhinə qərar qəbul olunub: “Rusiyada olduğumu təyyarə bileti və pasportuma vurulan möhürlə sübut edə bilərəm. ARDNŞ sakinləri bir-bir məhkəməyə verib. Xəbərimiz olmadan məhkəməmiz keçirilib və özümüzü müdafiə etmək hüququmuz tapdalanıb. Bu qanunsuzluqlar barədə bütün instansiyalara müraciət ünvanlamışıq. Lakin bu günə kimi sorğumuza cavab verən olmayıb”.

Qeyd edək ki, aksiya baş verən saatlarda İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova əraziyə gəldi. Sakinlərin şikayətini dinləyən hüquq müdafiəçisi problemlə bağlı lazımi yerlərə müraciət ünvanladığını söylədi. O, qəzetimizə açıqlamasında dedi ki, evləri söküləcək ailələrin müraciəti ilə yaxından maraqlanır: “Bizə müraciət etdilər ki, bizi məhkəmə verib küçəyə tökmək istəyirlər. Sənədlərlə tanış olanda dəhşətə gəldim. BMT-nin İqtisadi və Sosial Şurasında dinləmələr olan ərəfədə bu xoşagəlməz hadisənin olması ölkəmiz üçün pis nəticələnə bilər. Bizim təşkilat hüquqi bir sənəd kimi müraciət hazırlayıb. 145 ailədən iki nəfər prezidentə məktub yazdı. Biz bunu kampaniya kimi davam etdirdik. Çünki onların adından bir məktub getsəydi, bəlkə də səmərəsiz olardı. Artıq ünvanladığımız məktubların çatması haqda cavab almışıq. Prezidentin qanunsuz tikililər haqda qərarına ümid edən insanları bu hala gətirmək qanunsuzluqdur. Hazırda isə apelyasiya şikayətlərini hazırlayırıq”.

NZS qəsəbəsi İ.Məmmədov küçəsində yaşayanlar növbəti aksiyanı Prezident Administrasiyası önündə etmək üzrə dağılışdılar.

Fərahim İLQAROĞLU

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır