Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin binası qarşısında aksiya keçirilib.
Aksiyada AXCP üzvü Zeynal Bağırzadənin Naxçıvanda işgəncəyə məruz qalmasına və həbs olunmasına etiraz bildirilib.
“Qafqazinfo” saytının məlumatına görə, ərazini nəzarətə götürən polislər aksiya başlanan andan etirazçılara mane olmağa çalışıblar.
Ancaq etirazçılar aksiyanı keçirməkdə israr göstəriblər və “Vasif Talıbova istefa” (Vasif Talıbov Naxçıvan MR Ali Məclisinin sədridir – red.), “Biz azadlıq istəyirik” şüarlarını səsləndiriblər. Polis zor tətbiq edib, bir neçə nəfər aksiyaçı saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavini Asəf Quliyev də var.
“Musavat.com” saytı 6 nəfərin saxlanıldığını, aksiya qətnaməsinin oxunmasına imkan verilmədiyini xəbər verir.
Zeynal Bağırzadəyə 2 ay əvvəl Babək Rayon Polis Şöbəsində çox ağır işgəncə verildiyi bildirilir. Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunan Zeynal Bağırzadə barəsində dekabrın 26-da Naxçıvan Şəhər Məhkəməsi 3 aylıq həbs qərarı çıxarıb.








Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır