Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi kimi ərsəyə gəlib. İnsanların azad, sərbəst yaşamaq arzusu ilə. Vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst şəkildə ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə...
Ötən əsrimizdə dünyanı cənginə almış faşizm və kommunizm kabusu nəticəsində vətəndaş cəmiyyətinin zəruriliyi xüsusi əhəmiyyət kəsb etdi. Bu rejimlərin hər ikisi ictimai təsisatları - ictimai birliklər, fondlar, həmkarlar ittifaqları, dini qurumlar, vətəndaşların təşəbbüs qrupları, hətta kiçik dərnəkləri də daim öz nəzarəti altında saxlamaq, onların sərbəst fəaliyyətini məhdudlaşdırmaq niyyətində olub. Bu rejimlərin nüfuz dairəsində olan cəmiyyətlər isə on illər boyu totalitarizmdən yaxa qurtarıb sərbəst fəaliyyət göstərmək arzusu ilə yaşayıb.
Vətəndaş cəmiyyətinin labüdlüyü sözü gedən toplumlar üçün xüsusilə aktual olub. Belə ki, vətəndaş cəmiyyəti məfhumu iki aspektdən insanların cəmiyyətdə sərbəst fəaliyyəti üçün ən etibarlı təminatçı qismində çıxış edir. Əvvəla, vətəndaş cəmiyyətində dövlət orqanlarının ictimai fəaliyyəti nəzarətdə saxlama, insan həyatının müxtəlif sahələrinə, o cümlədən şəxsi həyata təsir və müdaxilə etmə və onu öz iradəsiylə yönəltmə imkanı məhdudlaşdırılır. İkincisi isə cəmiyyətdə müstəqil təsisat və ictimai birliklərin, vətəndaş təşəbbüsü ilə formalaşan müxtəlif profilli qurumların mövcud olması və həmin təsisatlar çərçivəsində insanların öz problemlərini həll etmək üçün birgə fəaliyyət göstərmələri təmin olunur. Bununla da vətəndaş cəmiyyəti insan haqlarının təminatçısı qismində çıxış edir.
Vətəndaş cəmiyyəti cəmiyyətin bütün üzvləri kimi, inanclı vətəndaşların da arzusudur. Elə bir cəmiyyət ki, orada hər bir vətəndaş kimi onların da bütün haqq və hüquqları təmin olunsun, onlar da konstitusiyada təsbit edildiyi kimi, öz inanclarını sərbəst ifadə edə bilsinlər, əqidələrinə uyğun sərbəst yaşasınlar. Elə bir cəmiyyət ki, orada, məsələn, heç kəs onları hicablı olduğundan təhsil haqqından məhrum etməsin, bu səbəbdən işdən qovmasın, onlar öz gündəlik hicablı görkəmlərində şəxsiyyət vəsiqəsi ala bilsinlər, dini ayinlərini yerinə yetirmək üçün, dua mərasimi təşkil etmək üçün, yaxud əlinə qələm alıb dini görüşlərini ifadə etməklə kitab ərsəyə gətirmək üçün kimlərdənsə xüsusi icazə almasınlar, etiqad məsələsində bürokratik əngəllə üzləşməsinlər və s.
İstənilən cəmiyyətin inkişaf və təkamül yоlu məhz insanların azadlığından keçir. İnkişafın dinamikası şəxsiyyət azadlıqlarının nə dərəcədə təmin olunması ilə bilavasitə bağlıdır. Fərd və cəmiyyət bir-biri ilə sıx əlaqəlidir. Bu baxımdan da şəxsiyyətin cəmiyyətdəki azadlıq prоblеmi daim diqqət mərkəzində olmalıdır. Fərdləri azad olmayan cəmiyyət azad cəmiyyət hesab edilə bilməz. Cəmiyyətdə şəxsiyyətin azadlığı yalnız həmin cəmiyyətin ümumi maraqları ilə məhdudlaşdırıla bilər. Hər bir insan özü-özlüyündə fərddir və оnun maraqları və istəkləri bəzən cəmiyyətin maraqları ilə üst-üstə düşməyə də bilər. Bеlədə fərd cəmiyyətin qəbul еtdiyi nоrmaları pоzmamaq üçün şəxsi istəklərini məhdudlaşdırmalıdır. Bu, normaldır və cəmiyyətin sabitliyi və inkişafı baxımından labüddür. Lakin əgər fərdin hərəkətləri cəmiyyətin ümumi maraqlarına zidd deyilsə, bu hərəkətlərdə qanunazidd, cinayət tərkibli bir əməl yoxdursa, o halda onun məhdudlaşdırılması yolverilməzdir. Əlbəttə, bütün digər hərəkətlər kimi dini etiqad və ya əqidə də hüquq pozuntusuna bəraət qazandırmır ki, bu da konstitusiyamızda təsbit edilib.
Qısası budur ki, hər hansı konkret bir şəxs və ya qrup qeyri-qanuni və zorakı əməllə məşğul olmursa, ictimai asayişi pozmursa, vətəndaşın hüquqları məhdudlaşdırılmamalıdır. Bu, din və vicdan azadlığı haqqına da aiddir.
Din – İlahiyə inam və bu inam əsasında qurulan həyat tərzidir. Din və vicdan azadlığının təmin olunması həm insanın inancı, həm də öz həyat tərzini bu inanca uyğun qurmasındakı sərbəstliyilə şərtlənir. İnanc – şüura, qəlbə, ruha aid bir məsələdir. Buna görə də hеç kəsi hansısa bir əqidəni qəbul еtməyə və ya еtməməyə məcbur еtmək оlmaz. Hər bir insanın əqidəsi оnun düşüncə və qəlbindədir. Heç kəsin onun daxili aləminə müdaxilə etməyə haqqı yoxdur.
Rəbbimizin buyurduğu kimi, “Dində məcburiyyət yoxdur!” (“Qurani-Kərim”, 2-ci surənin 256-cı ayəsi). Çünki insanın ruhu, daxili aləmi məcburiyyət qəbul еtmir. İnanc məsələsində hеç kəsin digərinin işinə zоrla müdaxilə еtməyə haqqı yоxdur. Bu, insanın şəxsi məsələsidir və konstitusiyamız da birmənalı оlaraq insanın bu haqqını tanıyır və dəstəkləyir. İnsanın həyatını öz inancına uyğun qurması da onun etiqadını ifadə etmə haqqıdır və bu da ölkə Konstitusiyasında təsbit edilib.
Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir. Ölkəmizdə bu sahə konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanunla tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir. Konstitusiyamızda göstərildiyi kimi.
İnsan haqları və azadlıqlarının, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərindəndir. Əgər real həyatda dini etiqad azadlığı inanclı insanlar üçün dini etiqad məhdudiyyətinə çevrilərsə, o halda vətəndaşlarımızın konstitusion haqları məhdudlaşmış olar. Belə ki, Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır və bütün digər qanunlarımız da əsas qanunumuzun tələblərinə cavab verməlidir. Konstitusiyamızın “Vicdan azadlığı” adlanan 48-ci maddəsində göstərilir ki, “Hər kəsin vicdan azadlığı vardır; Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Və davamında aydın şəkildə deyilir: “Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir”.
Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir adla qadağan edə bilməz! Hər halda, hüquqi dövlət prinsipi bunu tələb etməkdədir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsiplərini heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır.
Qeyd etdiyimiz kimi, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Bu isə cəmiyyətin inkişafının qarşısını kəsir, hüquqi dövlət anlayışını sarsıdır, dövlətçiliyə mənfi təsir göstərir və vətəndaş cəmiyyəti quruculuğuna mane olur.
Biz konstitusiyamızda təsbit edilmiş haqları insanlara verməyəcəyiksə, onda konstitusiyanın mahiyyəti nədən ibarətdir?..
Yersiz və qanunazidd qadağalar hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə heç bir dövlətin marağına uyğun deyil. Hər kəs problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa yox.
İnanclı insanların konstitusion haqlarının pozulması, hər halda, gərginliyi aradan qaldırmağa xidmət etmir. Toplumun əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə, barışıq dili tapmağa səy göstərməliyik.
Qayıdaq yenə vətəndaş cəmiyyəti haqda mülahizələrə. Bir arzu və ümid ilə. Ayrı-ayrı vətəndaşların və onlardan ibarət müxtəlif qrupların haqq və hüquqlarının tam təmin edilməsi, vətəndaş təşəbbüslərinin dəstəklənməsi amalı ilə...
Gəlin əl-ələ verib ölkəmizdə hamımızın rahat yaşamasını təmin edəcək vətəndaş cəmiyyəti quraq. Öz vətəndaşlarımıza, onların iç dünyalarına, mənəvi aləmlərinə, dini hisslərinə ehtiramla yanaşaq. Aqressiya tonundan mehribanlığa, tolerantlığa, səmimiliyə keçək. Konstitusiyada qeyd edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəstdir. Gəlin konstitusiyamızın vətəndaşlara verdiyi bu sərbəstliyi məhdudlaşdırmayaq! Vətəndaş cəmiyyətinə doğru tam əminliklə...
Elşən MUSTAFAOĞLU
fəlsəfə doktoru
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır