Əhli Beyt -ABNA- xəbər agentliyi: Artıq neçə illərdir ki, ölkədə islami dəyərlərə və inanclı şəxslərə qarşı təzyiqlər və basqılar baş qaldırıb. Lakin bu təzyiqlərin ən pik nöqtəsi 2011-ci ilə təsadüf elədi. Belə ki, bu il hicab qadağası, 40-a yaxın inanclı şəxsin öz haqları uğrunda həbs edilməsi və dini qadağaları ehtiva edən qanun layihələrinin parlamentdə təsdiq olunması ölkədə islami dəyərlərə qarşı təzyiqlərin möhürünü vurdu. Mövzu ilə bağlı açıqlama verən AİP-in sədr müavini Rövşən Əhmədli, 2011-ci ilin inanclıların ən çox repressiyaya məruz qaldığı dövr kimi yadda qaldığını bildirdi.
“2011-ci il ölkənin siyasi-ictimai həyatında fəal olan şəxslərin sifarişli həbsləri ilə yadda qaldı. Çünki ilin əvvəllərində AİP sədri Mövsüm Səmədov partiyanın baş məclisində etdiyi çıxışına görə həbs olundu. Bu proses, digər nüfuzlu ictimaiyyət nümayəndələrinin və ilahiyyatçı alimlərin azadlıqlarının əllərindən alınması ilə davam etdi. 2011-ci il islamçılarla bağlı keçirilən qərəzli və sifarişli məhkəmə prosesi ilə yadda qaldı.“
Dövlətin ümdə vəzifəsinin xalqı müdafiə etmək və onun rifahının yaxşılaşdırmaq olduğunu qeyd Rövşən Əhmədli, hüquqi dövlətdə vətəndaşların qanunla bütün haqlarının qorunduğunu bildirdi.
“Ümid edirik ki, 2012-ci ildə qanunsuz həbsdə yatan insanlar azad olunacaq. Dövlətin belə bir addım atması çox aktual bir məsələdir. Azərbaycanın problemləri içərisində ən ağrılı Qarabağ məsələsi də var. Bu problemi yalnız vətəndaş və dövlət həmrəyliyi ilə həll etmək mümkündür. Ümid edirik ki, 2012-ci ildə düz sözlərinə görə həbsə atılan insanlar azad olunacaq və dövlət vətəndaş birliyi ilə Qarabağ münaqişəsi öz həllini tapacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır