27 oktyabr 2011 - 20:30

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində, 818-ci miladi ilində Mədinə şəhərində anadan olmuş və 835-ci miladi ilində şəhadətə çatmışdır. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabır ayının 28 doqquzuncu İmamət nurunun şəhadətə çatan günüdür.

Biz ABNA olaraq bu hüznü ilk öncə Zamanın Sahibi İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xamneyi və ümum dünya müsəlmanları ilə bölüşməki özümüzə borc bilirik.

Mövzu ilə bağlı ziyarətçilərimizin hüzuruna İmam barəsində sil-siləvari qısa anlayış veririk

İmam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat

İmam Cavadın (ə) həməsri olmuş xəlifələr

İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

Xeyir-bərəkətli bir təvəllüd İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (ə) bizim yanımıza gəldi. İmam Riza (ə) buyurdu ki,şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”

İmam Riza (ə) müxtəlif münasibətlərdə, yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki, bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavadı (ə) onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki, bu, həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (ə) onların cavabında buyurur: “Bəli, bu, İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”

Əbu Yəhya Sənani deyir: “Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki, o Həzrət banan soyub oğlu Cavada (ə) verir. O Həzrətə dedim: “Bu, həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki, bəli, bu, həmin uşaqdır ki, İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”

İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki, İmam Cavad (ə) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki, bu hədisdən məqsəd İmam Cavadın (ə) doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki, İmam Riza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazimin (ə) şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Riza əleyhissəlamın İmamətini qəbul etməmiş, digər tərəfdən də, o Həzrətin (İmam Riza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseynin (ə) nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini, həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Riza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Riza əleyhissəlama etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur.

Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə İmam Riza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza (ə) onun cavabında yazır: “Sən haradan bilirsən ki, mənim uşağım olmayacaq? And olsun Allaha, bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.” Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza (ə) da öz növbəsində onların bu sözlərini, bu “sübutlarını” cavabsız qoymurdu. Nəhayət, İmam Cavadın (ə) doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza (ə) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir, nəticədə şiəliyin etibarı artır.

Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki, hətta İmam Cavadın (ə) anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Riza əleyhissəlamın bəzi qohumları (həsəd, paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavadın (ə) o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavadın (ə) rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: “Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (ə) onların cavabında buyurur: “O, mənim oğlumdur.” Onlar dedilər: “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (ə) (məcbur olub) buyurdu: “Siz onların (fizionomiklərin) ardınca adam göndərin, ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Riza əleyhissəlamın əmi, qardaş və bacıları bir bağda oturur, o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavadı (ə) gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki, onun atası burada yoxdur, ancaq bu oturan onun atasının əmisi, bu, öz əmisi, bu da bibisidir. Əgər atası da buradadırsa, onda mütləq (İmam Riza əleyhissəlama işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də, baldırı eyni cürdür. Bu vaxt İmam Riza (ə) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki, onun atası bu kişidir. Bunun ardınca İmam Riza əleyhissəlamın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavadın (ə) dodaqlarından öpərək dedi: “Şəhadət verirəm ki, sən Allah dərgahında mənim İmamımsan.”

Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.

Azyaşlı İmam İmam Cavad (ə) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?

Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.

Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.”

Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı “Üsuli-kafi” kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də, İmam Baqirin (ə) qeyd etdiyimiz ayədəki “hikmət” sözünü Həzrət Yəhya əleyhissəlamın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: “Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (ə) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda “Ey Yəhya! Kitabdan bərk yapış! (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!) Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik” - deyərək buyurmasıdır.”

Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, Həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə,hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) ) dilə gəlib dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab [İncil] verdi, özümü də Peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi.”

Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu, təkcə İmamlara xas bir şey olmamışdır.

Bu barədə İmamların buyurduqları İmamların həyatını mütaliə etdikdə məlum olur ki, bu məsələ İmamların, xüsusən, İmam Cavadın (ə) öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş, onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:

1.İmam Riza (ə) və İmam Cavadın (ə) səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavadın (ə) hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt sanki ürəyimdəkini oxumuş İmam Cavad (ə) mənimlə üz-üzə əyləşib mənə diqqət edərək buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın İmamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yəhya (ə) barədə buyurur ki, «Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik», Həzrət Yusif (ə) barədə buyurur ki, «Yusif (gəncliyinin) ən yetkin dövrünə çatdıqda, ona hikmət (peyğəmbərlik) və elm verdik,» Həzrət Musa (ə) barədə buyurur ki, «Musa yetkinləşib kamilləşəndə ona hikmət (peyğəmbərlik) və elm verdik.» Deməli, insana qırx yaşında hikmət və elm əta edən Allah onu uşaq yaşlarında da, insana əta edə bilər.”

İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmama (ə) dedi ki, ey mənim ağam, (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə, biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavadın (ə) yaşının az olduğunu bildirdi. İmam Riza (ə) buyurdu: “Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”

İmam Riza (ə) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır