13 oktyabr 2011 - 20:30

Akif Heydərli: “Azərbaycanda yaşanan antisilam siyasətlərə qarşı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq institutların təmsilçilərinə, xarici səfirliklərə, eləcə də Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinə müraciət edəcəyik”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: BMT-nin Bakı ofisinin nümayəndəsi islamçıların Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində beynəlxalq təşkilatların yeganə müşahidəçisi olub. Azərbaycan İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli verdiyi açıqlamasında qeyd edib ki, bu qurumun məhkəmə ilə bağlı hesabat açıqlaması gözlənir: “Eləcə də biz yerli Sülh və Demokratiya İnstitutuna dəfələrlə müraciət etmişik ki, həbs olunan islamçılar beynəlxalq təşkilatlara da, ölkə ictimaiyyətinə də siyasi məhbus kimi təqdim edilsin. Mövsüm Səmədov, Vaqif Abdullayev birbaşa siyasi məhbus hesab olunur. Çünki onlar siyasi partiyanın rəhbərləridir”.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun islamçıları siyasi məhbus siyahısına daxil etməməsinə gəlincə, Akif Heydərli deyib ki, bəzi beynəlxalq və yerli qurumlar həbsdə olan dindarları siyasi məhbus saymır: “Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olması müddəasını əsas götürərək islamçıları siyasi məhbus kimi qəbul etməyə bilərlər. Amma tutulanlar birbaşa Azərbaycan İslam Partiyasının təmsilçiləridirsə, xüsusi olaraq bu həbsin əsas motivi partiya Baş Məclisinin 2 yanvar iclasında sədr Mövsüm Səmədovun çıxışıdırsa, bu şəxslər siyasi məhbus hesab olunmalıdır”.

Akif Heydərli islamçıların digər qurumlarda siyasi məhbus kimi tanınması üçün çalışacaqlarını deyib: “Bunun üçün hansı sənəd lazımdırsa, onu təqdim etməyə hazırıq”.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı “Media forum” saytına açıqlamasında deyib ki, 2001-ci ildə Avropa Şurası onlara siyasi məhbusların müəyyənləşdirilməsi üçün beş maddəlik meyar təqdim edib: “Bizim üçün ən əsas məsələ dövlətçilikdir. Dövlətçiliyimizə qarşı çıxan insanları siyasi məhbuslar siyahısına salmırıq. Bu bizim üçün çox önəmlidir”.

Bu məsələyə münasibət bildirən Akif Heydərli vurğulayıb ki, Azərbaycanda çox qarayaxmalar var: “O cümlədən Azərbaycan İslam Partiyasına da belə qarayaxmalar olur. Partiyanın adını bir sıra qonşu dövlətlərlə bağlamaq istəyirlər, fəaliyyətimizdəki addımları siyasi sifariş kimi dəyərləndirənlər, yozanlar var. Biz belələrinə “yuxuyozanlar” deyirik. Siyasi partiyalar dövlətçiliyin möhkəmlənməsi, ərazi bütövlüyünün qorunmasını əsas fəaliyyət istiqaməti kimi qəbul edirsə, bu kimi yozmalara haqq qazandırmaq mümkün deyil. Partiyamızın sıralarında Dağlıq Qarabağ uğrunda mübarizədə döyüşərək yaralanan, əlil olan üzvlər var. Dəfələrlə bəyan etmişik ki, biz bundan sonra da dövlətçilik uğrunda, ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazırıq”.

Partiya sədrinin müavini ədalətsiz məhkəmə hökmünə qarşı islamçıların müdafiə fəaliyyətinin davam etdiriləcəyini qeyd edib: “Əslində yalançı şahid ifadələri ilə bir neçə şəxsə bu cür ağır cəza vermək heç br məntiqə sığmır. Həm də bu, cəmiyyətin, xalqımızın parçalanmasına xidmət edir. Hər kəs bu cür ədalətsizliyə qarşı çıxmalıdır, ədalətsizliyin səbəblərini araşdırmalı və buna qarşı mübarizə aparmalıdır. Azərbaycanda hüquqi dövlət yaratmaq istəyi və niyyəti bəyan olunub. Amma ədalətsiz məhkəmə hökmü ortadadırsa, deməli, məntiqsizlik var. Beynəlxalq qurumlar qarşısında öhdəlik götürməklə, konvensiyalara qoşulmaqla bərabər Azərbaycan məhkəmələrinin bu cür qərarlar verməsi dövlətin, xalqın imicinə mənfi təsir göstərir və zərbələr vurur. Bunu əsas götürərək ədalətsiz məhkəmə hökmündən beynəlxalq təşkilatlara, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq institutların təmsilçilərinə, xarici səfirliklərə, eləcə də Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinə müraciət edəcəyik”.

Arayış: 2011-ci ildə Azəzrbaycanda bir çox islamçı fəal azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.May ayında ruhani Azər Cəbiyev, iyun ayında ilahiyyatçı Həsən Məmmədov, ruhani Fəxri İlyasov, oktyabrda ruhani İlqar Musayev, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov, mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasının iştirakçıları Araz İsmayılov, Nurani Məmmədov, Rüfət Miriyev iş alıblar. 15 nəfərə yaxın islamçı fəalın isə istintaqı gedir.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır