Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycan respublikasında əliyevlər rejiminin tarixinde ən rüsvayçı addımı irəli atılaraq ölkənin namuslu və pak insanlarına qarşı zalımlıq edilərək mövcud rejimin qaziləri tərəfindən islamçılar həbsə məruz qalmışlar.
Bu ədalətsizliklə razılaşmayan bütün vicdanlı insanlar və qurumlar öz etirazlarını etməkdə davamlıdırlar. Belə ki, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov təşkilatın son həbslərlə bağlı narahatçılığını Birlik.az saytına bölüşüb.
Bəyanatın mətnin saytımızın ziyarətçilərinə təqdim edirik:
“Baş verən siyasi həbslər - istər müxalifət düşərgəsindən olsun, istərsə də ruhani təbəqədən - siyasi sifarişdən başqa bir şey deyil. Ümumiyyətlə, baş verən siyasi həbslər Azərbaycan dövləti üçün tarixi ləkədir. Bu səbəbdən də biz bu həbsləri pisləyir, həmçinin vurğulayırıq ki, bu cür addımlar ölkəmizə beynəlxaq aləmdə utanc gətirir. Dünyanın demokratikləşmə üçün istənilən xoşməramlı addımlara əl atdığı bir dövrdə Azərbaycan hakimiyyəti ən kiçik tənqidlərə, etirazlara belə dözüm göstərə bilmir. Bu isə ondan xəbər verir ki, artıq YAP hakimiyyəti öz siyasi mexanizminin iflasa uğradığını təzahür etdirir. Təhsil Nazirliyində işdən çıxarılmış YAP-ın siyasi şurasının üzvləri bir daha buna bariz misaldır. Yaxşı, dindarlar pisdir, müxalifət partiyaları qaraguruhçudur, bəs son vaxtlar rüşvət, korrupsiya üstündə tutulanlar, işdən azad olunanlar kimdir? Onlar da dindardır və ya müxalifətçilərdirmi? Korrupsiya əleyhinə mübarizə hərəkatı hakimiyyətin təyin etdiyi məmurlara qarşı deyilmi? Bəli, bu həbslər ondan xəbər verir ki, bəzi korrupsiya dalğaları içərisində boğulan nazirliklər, o cümlədən Təhsil Nazirliyi süni problemlər yaratmaqla xalqı qıcıqlandırmaq və bununla da onların mümkün dinc etirazı zamanı həmin şəxslərin həbsini təşkil etməklə yüksək hakim dairələrin fikirlərini yayındırmaq, həmçinin korrupsiya əleyhinə mübarizə aparmaqda israrlı olan qurumları çaşdırmaq istəyir.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır