3 oktyabr 2011 - 20:30

İlqar Musayevin vəkili Elçin Namazov olub. Lakin Elçin Namazov Vəkillər Kollegiyasından çıxarıldığına görə işi sona çatdıra bilməyib. Dindarı dövlətin təyin etdiyi vəkil müdafiə edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 4-də Gəncənin Nizami Rayon Məhkəməsində ruhani İlqar Musayevə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. “Faktxeber.com” saytının məlumatına görə, dindar Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) təqsirli bilinib.

İlqar Musayevin vəkili Elçin Namazov olub. Lakin Elçin Namazov Vəkillər Kollegiyasından çıxarıldığına görə işi sona çatdıra bilməyib. Dindarı dövlətin təyin etdiyi vəkil müdafiə edib.

Elçin Namazov açıqlamasında qeyd edib ki, o, İlqar Musayevin hüquqlarını mart ayından – məhkəmə prosesi başlayandan qoruyub: “İlqar Musayev yanvarın 8-də polis əməkdaşlarına guya təzyiq etdiyinə görə həbs olunmuşdu”.

Məhkəmə prosesinin mart ayından indiyə qədər davam etməsinə gəlincə, Elçin Namazov bunu İlqar Musayevin xəstəliyi ilə bağlayıb: “Onda epileptik tutmalar olur. Mənim qaldırdığım vəsatətlə dindar iyun ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Onun ağır cəzaya məhkum olunması böyük ədalətsizlikdir”.

İlqar Musayevə çıxarılan hökmlə 2011-ci ildə azadlıqdan məhrumetmə cəzası alan fəalların sayı yenə artıb və 19-a çatıb. 2011-ci ildə daha əvvəl bu şəxslər məhkum olunmuşdular:

4 may - gənc fəal Cabbar Savalanlı;

11 may - ruhani fəal Azər Cəbiyev;

18 may - gənc fəal Bəxtiyar Hacıyev;

2 iyun - ilahiyyatçı fəal Həsən Məmmədov;

17 iyun - xalq hərəkatı liderlərindən Nemət Pənahlı və dostu Ceyhun Fərzullayev;

29 iyun - ruhani fəal Fəxri İlyasov;

21 iyul - AXCP fəalı Şahin Həsənli;

25 avqust - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilov;

27 avqust - hüquq müdafiəçisi Vidadi İsgəndərli.

3  oktyabr - müsavatçılar Arif Hacılı, Tural Abbaslı, AXCP funksioneri Məhəmməd Məcidli.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır