18 sentyabr 2011 - 19:30

Səfir Ceyhandan İsrailə neft daşındığını xatırladaraq deyib: “İsrail bu haqda fikriləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə Azərbaycanı İsraillə münasibətlərinə yenidən baxmağa çağırır. Bakıdakı fövqəladə və səlahiyyətli səfir Hulusı Kılıç ANS-ə müsahibəsində deyib ki, Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını gözləyirlər: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Səfir Ceyhandan İsrailə neft daşındığını xatırladaraq deyib: “İsrail bu haqda fikriləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik”.

Səfirin çağırışına münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Media forum” saytına deyib ki, Azərbaycanla Türkiyə arasında dost və qardaşlıq münasibətləri var: “Bizim əlaqələrimiz daimi əsaslar üzərində qurulub. Biz həmişə Türkiyəyə yaxın və xoş münasibət nümayiş etdirmişik. Türkiyə regionun ən böyük dövlətlərindən biridir. Eyni zamanda, regionda cərəyan edən məsələlərə böyük təsiri olan ölkədir. İnanırıq ki, Türkiyə ilə İsrail arasındakı hər hansı bir məsələ tezliklə öz həlini tapacaq”.

Azərbaycanın gündəliyində İsraillə münasibətlərə yenidən baxmaq məsələsi dururmu? XİN rəsmisi “Media forum”un bu sualına cavab verməyib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum”a deyib ki, Azərbaycan və Türkiyə dost, müttəfiq, strateji tərəfdaş olan ölkələrdir. Onun fikrincə, Türkiyənin Ermənistanla sərhədləri 18 ildir bağlı saxlaması, Ankaranın İrəvanla diplomatik əlaqələr qurmaması müsbət haldır: “Amma bir məsələni də yadda saxlamalıyıq ki, Türkiyə ilə Ermənistan arasında problemlər Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi. Hələ SSRİ dövründə, 1945-ci ildə Ermənistan SSR Türkiyəyə nota verərək ərazi iddiaları ilə çıxış etmişdi. Ermənistan Sovet İttifaqının tərkibində ola-ola belə bir addım atmışdı.

Ermənistanın indiki konstitusiyasında açıq formada Türkiyəyə ərazi iddiaları irəli sürən müddəalar var. Bu ölkə qondarma “erməni soyqırımı”nı əldə əsas tutaraq Türkiyəyə qarşı geniş səpkidə, çoxşaxəli çirkin təbliğat kampaniyası aparır”.

M.Qurbanlı bildirib ki, Türkiyə və Azərbaycanın beynəlxalq miqyasda ortaq maraqları var və bunu heç kəs inkar etmir. Deputat xatırladıb ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllində həmişə Azərbaycana dəstək verib: “Biz də Türkiyəyə müxtəlif sahələrdə həmişə dəstək vermişik. Ulu öndərimiz Heydər Əliyev Türkiyə ilə münasibətləri “Bir millət - iki dövlət” prinsipi ilə ifadə edib. Prezident İlham Əliyev də Türkiyə ilə münasibətlərə çox böyük dəyər verir, bu istiqamətdə əlaqələr davam edir”.

YAP icra katibinin müavini bildirib ki, bu gün Yaxın Şərqdə məsələlərinə görə Türkiyə ilə İsrail arasında ciddi qarşıdurma yaranıb və hazırda bu qarşıdurmanın həlli yolları axtarılır: “Türkiyə də, İsrail də qarşıdurmanın həlli yollarını araşdırır. Hesab edirəm ki, Türkiyənin beynəlxalq miqyasda öz haqlı mövqeyini müdafiə etmək üçün apardığı siyasət müəyyən nəticələr verəcək. Azərbaycanın İsraillə münasibətləri heç də Türkiyə-İsrail əlaqələri səviyyəsində olmayıb. Azərbaycanın İsraildə heç səfirliyi də yoxdur. Bizim münasibətlərimizlə Türkiyə-İsrail əlaqələrini müqayisə etsək görərik ki, Ankara-Tel-Əviv münasibətləri bizimkindən daha dərindir, yüksəkdə dayanır. Amma indi iki ölkə arasında problemlər yaranıb. Ola bilər ki, problem qısa zamanda çözülsün.

Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirib İsraillə əlaqələrinə yenidən baxaraq hansısa addımlar atsa, Türkiyə-İsrail münasibətləri düzəldikdən sonra rəsmi Bakı nə etməlidir? Bu bizim xarici siyasətimizdə problemlər yarada bilər. Biz gərək bunu göz önünə alaq. Biz Türkiyə ilə dost ölkəyik, həmrəylik nümayiş etdiririk. Amma bu məsələlərlə bağlı səfir Hulusi Kılıçın söylədiyi fikirlər bütövlükdə ümumi maraqlarımızla uzlaşa bilməz. Hesab edirəm ki, bu cür yanaşma, məsləhət vermə səpkisində çıxış etmək Türkiyə ilə Azərbaycan arasında münasibətlər fonunda o qədər də məqbul deyil. Azərbaycan Türkiyə ilə dostluğuna sədaqətini həmişə göstərib və bundan sonra da belə olacaq”.

M.Qurbanlı bildirib ki, Türkiyə bölgədə güclü dövlətdir və İsraillə problemləri həll etmək iqtidarındadır: “Türkiyəni hansısa xarici təhlükə təhdid etmir, siyasi, iqtisadi maraqları təhlükə altında deyil. Eyni zamanda, Türkiyənin İsraillə qarşıdurması bizim əməkdaşlıq razılaşmalarımız fonunda yaranmayıb”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır