18 avqust 2011 - 19:30

AİP sədri Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov: "Əvvəlcə müstəntiq mənə dedi ki, cinayəti ya boynuna götür, ya da başqa cür danışacağıq. Dövlət tərəfindən vəkil təyin edilmiş şəxs də müstəntiqin yanında mənə dedi ki, "cinayəti boynuna götür, səni azad edəcəklər. Bu yüngül maddədir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə başlayan kimi hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Rufulla Axundzadəyə hüquqlarını başa saldı və çıxışı üçün icazə verdi. R.Axundzadə çıxışına Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1937-ci il repressiya qurbanlarından söhbət açmaqla başladı: «Azərbaycanın qeyrətli oğulları Mikayıl Müşfiq, Ruhulla Axundov repressiyaya məruz qaldılar. Bunlardan əlavə adını bildiyimiz və bilmədiyimiz minlərlə ruhani Nargin adasında güllələndi. Lakin üstündən illər keçməsinə baxmayaraq, tarix onları qiymətləndirdi. O zaman Azərbaycanın bu qiymətli oğullarının həlak olmasında yuxarıda oturan ermənilərin barmağı var idi. Bəs indi nə olub?».

Astarada baş verən özbaşınalıqdan danışan Rufulla Axundzadə, qanunsuzluqlarla daim mübarizədə olduğundan da söhbət açdı: «Rayonumuzda təhsil, xəstəxana, hüquq orqanları hamısı korrupsiyaya uğrayıb. Mən daim bunlarla mübarizə aparmışam. Hətta prokuror Əlixan müəllim də mənə yaxınlaşıb demişdi ki, sənin barəndə çox sözlər eşitmişəm. Mən də ona demişdim ki, sizin barənizdə də deyirlər ki, rüşvət alır. Bu sözü deməyə ürək lazımdır və ancaq yeganə Allahdan qorxanlar bunu deyə bilərlər. Belə faktlar çoxdur».

Hakim Eldar İsmayılov:

- İttihamın mahiyyəti üzrə danışın

Rufulla Axundzadə:

- Mən kənara çıxmıram. Axı bu mübarizə apardığım şəxslər elə məni şərləyiblər. Başa düşmürəm, korrupsiyaya yox deyən, məni necə ittiham edə bilərlər. Artıq 15 ildir ki, onlar məni susdurmaq, ya da ölkədən çıxartmağa çalışıblar.

Heç bir kanal mənim fikirlərimi vermədiyindən, «Səhər» kanalına müsahibə vermişəm. Mənim üçün sərhəd yoxdur. Mən müstəqil adamam və hər yerdə də fikirlərimi deyəcəyəm. Qeyd edim ki, DİN dəfələrlə mənə əməkdaşlıq təklif eləmişdi. Mən də demişəm ki, elə belə rüşvətxorluğu deməklə, sizinlə əməkdaşlıq edirəm də.

İndi həmin adamlar heç öz işlərini belə düz görmürlər. Mənimlə qonşunun həyətini səhv salıb, silahları ora  atırlar. Silah çıxanda Ədalət Kazımova dedim ki, həyət mənə deyil, şofer Şamil Sultanova məxsusdur. Onlar da bir-birlərinə baxdılar.

Qeyd edim ki, bu səhv salmaq da əvvəldə onların elədikləri ədalətsizliyin ucbatından olub. Mən 93-cü ildə ev tikəndə hamıya sənəd verildi, məndən başqa. Ailəmin sayına görə, mənə 77 sot verilməli idi, amma cəmi 53 sot torpaq sahəsi verdilər. İndi də bu qarışıqlığa düşüblər. Əvvəldən niyə yanlış yazırdılar ki, indi də belə dolaşığa düşsünlər.

Mən inqilabçı, mərd, qorxmaz, dövlətini, Vətənini, xalqını çox sevən bir insan kimi hərəkatın ilk günlərində fəaliyyət göstərmiş bir insanam. Cavanlıqda mənim silahım ancaq kəllə, yumruq və məntiq olub. Ümumiyyətlə, biz müsəlmanların yeganə ən böyük silahı duadır. Sənə qarşı ədalətsizlik edənə nifrin yağdırırsan,  yaxşılıq edənə dualar edirsən.

İndi məni etnik təfriqəçilikdə günahlandırırlar. Soruşan lazımdır, axı mənim anam türk, atam talış, həyat yoldaşım da şafeidir. Mən necə təfriqəçi ola bilərəm.

D.i: Təqsirləndirilən şəxslərdən kimi tanıyırsınız?

R.A: Hacı Mövsümü 1993-cü ildə AİP Ali Şurasında görmüşəm, amma nə işlə məşğul olduğunu bilməmişəm. Vaqif Abdullayevi 1994-cü ildən tanıyıram. O zaman partiyada Kərbəlayi Sənan var idi, o rəhmətə gedəndən sonra, səhv etmirəmsə, rəhmətlik Hacı Müzəffərin dövründə Hacı Vaqif müavin təyin olundu. Firdovsi qardaşımızın üzv olduğunu burda bilmişəm. Fərəməz qardaşımı da burda görmüşəm, biz eyni xarakterli insanlarıq. Qalanlarını da burada tanımışam.

D.i: Sizin partiyada sıravi üzv olmusunuz, yoxsa hansısa fəaliyyətiniz olub?

R.A: Xeyr, ancaq gücüm əmr be məruf və nəhy əz münkərə çatır.

D.i: İran KİV-də çıxışınız olub?

R.A: Ancaq «Səhər» kanalında. Bir dəfə də hansısa radiodan münasibət öyrəniblər.

D.i: «Səhər» kanalına siz zəng eləmisiniz?

R.A: Onlar mənə zəng eləmir. Mən özüm zəng edirəm. Heç onlar da son zamanlar mənə söz vermək istəmirdilər.

D.i: «Səhər» kanalında nə qədər çıxışınız olub?

R.A: Bəs qədər. Əvvəllər ANS kanalına müraciət etmişdim. Sonra ANS viran olandan sonra çıxmıram.

D.i: «Səhər» kanalında sonuncu dəfə nə vaxt çıxış etmisiniz?

R.A: Hacılar tutulanda mən susa bilmədim. Təqribən 2011-ci il yanvarın 8-11.

D.i: Çıxışlarınızın məzmunu nə ilə bağlı olub. Elə korrupsiya ilə?

R.A: Bəli. Məmur özbaşınalığından danışmışam. Hacıbala və başqaları kimdir ki, prezidentin tapşırığını yerinə yetirmirlər? Mən bu barədə danışmışam.

D.i: Sizin çıxışlarınızda belə ifadələr olubmu: «Talışlara qarşı zülm olunur», «talışlar repressiya olunur»?

R.A: Hansı dövrdə olub.  Axı bu söz deyil. Yenə deyirəm, anam türkdü, atam talış. Ancaq Novruzəli Məmmədov öləndə bəlkə bir az hissiyata qapılmışam. Mənim əsas söhbətlərim rayonda olan qanunsuzluqlarla bağlıdır. Astarada əkin sahələri əkilmir. Kanallar yoxdur. Olanları da 15 ildir təmizlənmədiyindən pis vəziyyətdədir. İbrahim Quliyev kimilər camaatımızı soyub. Camaat yaşayışlarını təmin eləmək üçün boyun-boğazlarındakı qızılları satıb. Mən bu barədə danışmışam. Yenə deyirəm, haqsızlıq bütün respublika üçün olub, ləzgisi üçün də, talışı üçün də, türkü üçün də. Məzlum yenə xalqdır.

D.i: Deyirsiniz ki, çıxışlarınızda millətini, xalqını sevən bir insan kimi dərdinizi deyirsiniz. Bəs başqa ölkənin telekanalına danışmaq heç vətənpərvərlikdirmi?

R.A:  Heç gör məntiqi sualdı. Heç bir kanal mənə şərait yaratmır. Niyə qoyursan «Səhər» kanalına müraciət eləyim. Şərait yarat, ora müraciət etməyim də.

Vəkil Sadiq Bağırov: Heç öz kanalımızda çıxış etmisiniz?

R.A: Öz kanallarımıza o qədər müraciət etmişəm ki. Heç biri yaxın qoymur.

S.B: «Səhər» kanalında çıxışınızın mahiyyəti nədən ibarət olub?

R.A: Mən ancaq haqqı müdafiə etmişəm. Mən Astara xalqının ştatdankənar deputatıyam.

Sonra çıxış üçün söz Səmədov Dəyanət Ələsgər oğluna verildi: «Mən 1973-cü ildə  Qubada hərbçi ailəsində anadan olmuşam. Atam polkovnik leytenant Ələsgər Səmədov 25 il DİN-in əməkdaşı olub. Mən belə bir ailədə tərbiyə almışam. Bakıda 6 saylı məktəbi bitirmişəm. Müəllimlərim prezident tərəfindən təltif olunubldar. Xarici Dillər Universitetini bitirmişəm. Şahmat məktəbində müəlliməm, «Simuzər» dükanında işləyirəm. Atam 2004-cü ildə rəhmətə gedib. Ailənin bütün yükü mənim çiynimdədir. Heç bir siyasi partiyanın üzvü olmamışam».

Sonra o, burda oturanlardan 2 nəfəri tanıdığını dedi: qohumları Hacı Mövsüm Səmədov və Hacı Firdovsini: «Qohum olmağımıza baxmayaraq Hacı Mövsümlə heç ildə bir dəfə də görüşməmişik. Firdovsiyə isə bir neçə dəfə ötən illərdə avtomobilimi təmir etmək üçün müraciət etmişəm».

Dəyanət Səmədov hadisə ilə bağlı bunları dedi: «Yanvarın 8-də saat 12-də  DİN əməkdaşları dükana daxil olaraq axtarış apardılar. Maraqlıdır ki, başqa satıcıları çıxardıb, yalnız məni saxladılar. Və özləri ilə gətirdikləri şahidlərin yanında axtarış aparmağa başladılar. Axtarış zamanı məlum oldu ki seyfdən qumbara çıxıb. Sonra da dedilər ki, evində axtarış aparacağıq. Axı dükanda 4 satıcı var, niyə məhz mən? Sonra da evdə 10 nəfərə yaxın axtarış aparır və təsəvvür edin ki, uşağın əli çatan yerdə güllələri tapırlar. Həyətdə 3 kv.m-lik qazanxana var. Birinci dəfə axtarış apararkən qazanxanada kibrit qutusunun belə içinə baxmışdılar və heç nə tapmamışdılar. Ancaq ikinci dəfə mənim iştirakım olmadan aparılan axtarışda qazanxanada silahlar tapıblar».

D.Səmədov dövlət ittihamçısının ibtidai istintaqda ittihamları boynuna almasının səbəbləri barədə sualına belə cavab verdi: «Əvvəlcə müstəntiq mənə dedi ki, cinayəti ya boynuna götür, ya da başqa cür danışacağıq. Digər tərəfdən də birinci dəfə mənə dövlət tərəfindən vəkil təyin edilmişdi. O da, müstəntiqin yanında mənə dedi ki, “cinayəti boynuna götür, səni azad edəcəklər. Bu yüngül maddədir. O günlərdə bir nəfəri elə məhkəmə zalında buraxıblar.” Bizim evdə də ailə başçısı mənəm. Ailəmə tez qovuşmaq üçün və şikəst olmamaq üçün təzyiqlər altında ifadəyə qol çəkdim. İndi də deyirəm ki, ifadə verəndə təzyiq altında olmuşam».

Dövlət ittihamçısı Dəyanət Səmədovdan məsciddə çıxış edib-etməməsi barədə soruşanda isə suala belə cavablandırdı: “Adama deyərlər ki, hicaba dəvət edirsənsə, birinci öz ailəndən başla”. Namaz qılsam da, məscidə ancaq xüsusi günlərdə gedirəm.”