22 iyul 2011 - 19:30

38 yaşlı Elmar Qasımov yoxsa Nailə xanım Rzaquliyeva?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təhsil sistemindəki özbaşınalıqlara nəhayət ki, hakimiyyətin bir əncam qılacağı haqda məlumatlar yayılıb. Respublika prokurorluğu da total yoxlamalar barədə bilgi yayıb. Bu məsələ isə yenidən təhsil naziri Misir Mərdanovun istefaya göndərilmə məsələsini gündəmə daşıyıb.

Hökumət içindəki qaynağın danışdıqlarından belə məlum olur ki, son zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində təhsil sistemindən ortaya çıxan biabırçı faktlar yuxarı dairələrin də diqqətini cəlb edib.

Bu barədə TN-dəki bilgili qaynağın söylədikləri: «Artıq məsələ prezident İlham Əliyevin səviyyəsində müzakirə olunmaqdadır». Məlumat üçün bildirək ki, dünənə qədər bir sıra qaynaqlar təhsil sisteminin başında dayanan nazir Misir Mərdanovun bunca toxunulmazlığını və nəzarətsizliyini onun birbaşa olaraq hakimiyyətə çox yaxın çevrələrlə əməkdaşlığı ilə əlaqələndirirdilər. Yəni özünə arxayın olan Misir Mərdanov istənilən halda görəv başında saxlanılacağına əmin olduğundan təhsilimizin anasını ağlatmağında davam etməkdədir.

Amma indi məsələyə «dur» deyilməsinin zamanının çatdığı bildirilir. Məlumatlı mənbənin dediyinə görə, Misir Mərdanovun hətta istefaya göndərilməsi, təhsil sistemində fundamental islahatların həyata keçirilməsi də təklif olunur.

Xatırladaq ki, Misir Mərdanovun istefa xəbəri bir müddət əvvəl də dövrü mətbuatda hallandırıldı. Və qəzetlərdə yer alan informasiyaya görə, bu posta iki şanslı iddiaçı var ki, yeni nazir məhz onların arasından müəyyən olunacaq. İddialılardan birinin hazırda nazir müavini postu tutduğu bildirilir. 38 yaşlı Elmar Qasımov əslində elə Misir Mərdanovun öz kadrı hesab olunur və o, bir zamanlar Bakı Dövlət Universitetində rektor köməkçisi vəzifəsini daşıyıb.

Misir Mərdanov onu birdən-birə nazir müavini təyin etdi. Bu o zamanlar idi ki, məhz mərhum prezident Heydər Əliyevin göstərişinə əsasən gənc kadrların irəli çəkilməsi prosesinə start verilmişdi və həmin ərəfədə hətta bu gün müxalif mətbuatın qəhrəmanlarından hesab olunan keçmiş siyasi məhbus Eynulla Fətullayev də o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin köməkçisi vəzifəsinə irəli çəkilmişdi.

İndi isə Misir Mərdanovun kadrı hesab olunan Elmar Qasımovun təhsil naziri ola biləcəyi haqda məlumatlar səsləndirilir. Bu barədə yer alan informasiyalarda o da bildirilir ki, 38 yaşlı Elmar Qasımovun adaylığını dəstəkləyənlər arasında elə Misir Mərdanovun özü də var. Yəni nazir belə hesab edir ki, postu heç olmasa «yad əllərə» qismət olmasın.

Digər namizədin isə hazırda Bakı Baş Təhsil İdarəsinin müdiri vəzifəsini tutan Nailə xanım Rzaquliyeva olduğu bildirilir. Onun da hakimiyyətin çox ciddi çevrələri ilə bağının olduğu söylənilir. İndi isə belə bir güvəncəli xanım kadrın təhsil naziri postuna təyin olunma ehtimalları var.

Son olaraq redaksiyamıza daxil olan ifnormasiyalara görə, Misir Mərdanovla bağlı məsələnin sürətləndirilməsi namizədlərin də fəallaşması ilə nəticələnib. Bu barədə bilgini verən qaynaq iddia edir ki, hətta Misir Mərdanov özü ilə bağlı hər hansı addımın atılacağı təqdirdə Elmar Qasımovun nazir postuna təyin olunması üçün indidən bir sıra dairələrlə təmasdadır.

«Əslində Misir Mərdanovun xidmət etdiyi hakimiyyətiçi qrup da TN kimi bir strukturu nəzarət zonasından çıxarmaqda maraqlı deyil. Amma onların Elmar Qasımovun namizədliyini dəstəkləyib-dəstəkləməyəcəkləri hələlik məlum deyil» deyən mənbə bildirir ki, paralel olaraq həyata keçiriləcək fundamental islahatlar zamanı isə Azərbaycan təhsilinə bir çox yeniliklərin gətirilməsi nəzərdə tutulur:

«Bu baxımdan daha çox gənc kadra üstünlük veriləcəyi inandırıcıdır. Yəni Nailə Rzaquliyeva daha çox köhnə sistemin adamı kimi tanındığından təhsil sistemində nəzərdə tutulan fundamental islahatların həyata keçirilməsi üçün həm gənc, həm də enerjili kadra ehtiyac var». Deməli, Elmar Qasımov daha şanslıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır