13 iyul 2011 - 19:30

Bu ilin yanvarında döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən xalq hərəkatı fəalı Nemət Pənahlıya baş çəkiblər. Vəkil Samir İsayev açıqlamasında deyib ki, BQXK-nın nümayəndələri aclıq aksiyasının səbəblərini soruşublar.

Samir İsayev bildirib ki, iyulun 13-də özü də Nemət Pənahlı ilə görüşüb: “Aclıq aksiyasını davam etdirir. Onun mədəsi xəstədir, dedi ki, mədəsində ağrılar başlayıb. Amma əhvalı yaxşıdır. Mənə dedi ki, enerjisinə qənaət edir və belə getsə, aclıq aksiyasını 40 gün davam etdirə bilər. Aksiya müəyyən nəticə verib, aclığa başlayandan sonra ayrı-seçkilik qismən aradan qaldırılıb, psixi və fiziki təzyiqlər dayanıb. Mən də məsləhət gördüm ki, aclığı dayandırsın. Çünki aksiya məqsədinə çatıb, ictimaiyyət və beynəlxalq təşkilatlar vəziyyətdən xəbər tutub, təzyiqlər qismən dayanıb”.

Vəkilin sözlərinə görə, Nemət Pənahlı iyulun 2-dən aclıq edir, lakin hələ də digər məhbuslardan təcrid olunmayıb, təcridxananın tibb məntəqəsinə köçürülməyib: “Yenə də əvvəlki kamerasında saxlanır. Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla görüşdüm. Rəis dedi ki, kənardan mülki həkimlər dəvət ediblər və onlar Nemət Pənahlını kompelks müayinə edəcəklər. Elxan Sadıqov bildirdi ki, müayinənin nəticələrinə uyğun olaraq Nemət Pənahlı ya tibb məntəqəsinə köçürüləcək, ya məcburi qidalandırılacaq, ya da Penitensiar Xidmətin mərkəzi müalicə müəssisəsinə göndəriləcək”.

Bu ilin yanvarında döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

Nemət Pənahlı Bakı İstintaq Təcridxanasında üzləşdiyi ayrı seçkiliyə, pis rəftara, psixi və fiziki təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır