Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Daxili İşlər Nazirliyi ötən günün kriminal xronikasını açıqlayıb.
Açıqlamada oğurluğa cəhd etdiyinə görə iyunun 10-da Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşları tərəfindən tutulmuş Elgün Qarayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun digər cinayətləri ortaya çıxıb. Onun iyunun 7-də Arzu Ağayevanın mənzilindən 3 ədəd mobil telefon və 200 manat oğurlaması DİN Kriminalistik Tədqiqatlar və Nərimanov RPİ əməkdaşları tərəfindən müəyyən edilib.
Digər oğurluq hadisəsi Nərimanov rayonu ərazisində anbarda törədilib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-nə keçən gecə Nərimanov rayonu ərazisində Tariyel Kərimova məxsus anbardan pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə tikinti materialları oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Natiq İsmayılov və Vüqar Orucov tutulub.
Mayın 8-də qadına məxsus çantanı oğurlamış Bakı şəhər sakini həbs edilib. Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də Səidə İlyasovaya məxsus çantanı oğurlamış Bakı şəhər sakini Sevinc Əmirova tutulub.
Sumqayıt şəhər sakininin həyətindən oğurluğa cəhd göstərmiş şəxs də ələ keçib. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Sumqayıt şəhər sakini Aqil Abbasovun həyətindən oğurluğa cəhd göstərmiş H.Z.Tağıyev qəsəbə sakini Vahid Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 2-nə keçən gecə, H.Z.Tağıyev qəsəbəsində yaşayan Abdulla Əhmədova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırması da müəyyən edilib.
Sabunçu rayon sakininin evindən oğurluq etmiş şəxs məlum olub. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Güldanə Musayevanın evindən 300 dollar və 2 ədəd bankomat kartının Pirşağı qəsəbə sakini Cambulad Hacıyev tərəfindən oğurlanması müəyyən edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır