21 iyul 2011 - 19:30

XANKƏNDİ HAVA LİMANININ TİKİNTİSİNDƏ İSTİFADƏ OLUNAN DƏZGAH TÜRKİYƏ ŞİRKƏTİNDƏN ALINIB Dmitri Adbaşyan: “Bu, maliyyə baxımından çox sərfəli sövdələşmə idi. Avropa və Çin şirkətlərinin istehsal etdiyi dəzgahlarla müqayisədə Türkiyə şirkətinin dəzgahı dəfələrlə ucuzdur”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların “mülki aviasiya idarəsi” adlandırdığı qurum Xankəndi hava limanının tikintisi üçün bəzi avadanlıqları Türkiyə şirkətindən alıb. Bunu iyunun 22-də “News.am” saytına “idarə”nin rəisi Dmitri Adbaşyan deyib.

Türkiyə şirkətinin Xankəndidə tikilən hava limanının avadanlıqla təchiz olunmasında iştirak etdiyini bundan əvvəl Azərbaycanın “Zerkalo” qəzeti də yazmışdı. Qəzet bu xəbəri Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla dərc etmişdi.

“Media forum” saytı xəbər verir ki, Dmitri Adbaşyan “Zerkalo”nun xəbərini təsdiqləyib. O, hava limanının hasara alınması üçün metal torların toxunmasında istifadə olunan dəzgahı Türkiyənin “Dəmirçi makina” şirkətindən aldıqlarını vurğulayıb: “Bu, maliyyə baxımından çox sərfəli sövdələşmə idi. Avropa və Çin şirkətlərinin istehsal etdiyi dəzgahlarla müqayisədə Türkiyə şirkətinin dəzgahı dəfələrlə ucuzdur”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır