12 iyul 2011 - 19:30

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan məşhur balkon çıxışında önəmli məsələlərə toxunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün keçirilən parlament seçkilərində tarixi qələbə qazanan Ədalət və İnkişaf Partiyasının lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan hər seçkidən sonrakı məşhur "balkon çıxışı"nı edib.

"BAKIDAN LEFKOŞAYA...."

Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının Ankaradakı qərargahının qarşısına toplaşan onminlərlə insana xitab edib. Baş nazir "Əziz millətim, sevgili qardaşlarım, dəyərli yol yoldaşlarım" deyə başlayan çıxışını salamlama ilə davam etdirib: "81 vilayətimizi, 780 min kvadrat kilometrin tamamını, 74 milyon Türkiyə vətəndaşını sevgi və sayğıyla salamlayıram. Melburndnan Berlinə, Tokiodan Vyanaya, Parisdən Torontoya bütün yurddaşlarımı salamlayıram. Gözlərini Türkiyəyə çevirən, Türkiyədən gələcək xəbərləri həyəcanla izləyən Bağdad, Qahirə, Dəməşq, Əmman, Bakı, Sarayevo, Lefkoşaya qədər dost və qardaş ölkə xalqlarını məhəbbətlə salamlayıram. 12 iyun seçkilərinin nəticələri xalqımıza, bölgəmizə, dünyaya xeyirli olsun. Bu nəticələr sülhə, ədalətə, sabitliyə və əmin-amanlığa töhfə versin. Bütün millətimə seçkilərdə iştirak baxımıdan göstərdikləri cəsarət və ciddiyyətlərinə görə təşəkkür edirəm".

"MİLLƏT MÖHÜRÜ ƏLİNƏ ALDI, SON SÖZÜ DEDİ"

Baş nazir Türkiyədə hər iki seçicidən birinin səsini almanın həyəcanını yaşadıqlarını söyləyib. Çıxışının bu məqamında qələbəlikdən yüksələn "qısqananlar çatlasın" şüarlarına "Çatlamasınlar" deyə reaksiya verən Ərdoğan "onları da qucaqlayacağıq" deyib: "Onları da aramıza alacağıq. Qucaqladığımız üçün demokratiya tariximizdə, çoxpartiyalılıq tarixində nadir rastlanan şəkildə üçüncü dönəm millətimizdən səlahiyyət almanın həyəcanını yaşayırıq. Biz vurmağa deyil, sevməyə gəldik. Bunun qarşılığını aldığımız zaman bu yola davam edərik. Əvəzini görmədiyimiz zaman da cavabını verər, keçərik. 2007-ci ildə 16 milyon insanın səsini almışkən, bu gün səsimizi 5 milyon artıraraq 21 milyon seçicinin səsini almanın bəxtiyarlığı içindəyik. Biz sizlərlə qürur duyuruq. 22 iyul seçkilərinə görə səs faizimizi artırmanın həyəcanını yaşayırıq. Əziz millətimizə bizə olan güvəninə görə ayrıca təşəkkür edirik. Bütün səmimiyyətimlə ifadə edirəm, AK Partiyaya səs vermiş olsun, olmasın, 12 iyun 2011 seçkilərinin qalibi heç şübhəsiz, Türkiyədir, bu əziz millətimdir. Bu gün bir daha Türkiyə qazanıb. Bu gün bir daha demokratiya qazanıb. Bu gün bir daha milli iradə qazanıb. Millət qazanıb. Millət bu gün məntəqəyə gedib, möhürü əlinə alıb, son sözü söyləyib, son qərarı verib. Bütün diskussiyalara, bütün sual işarələrinə, bütün tərəddüdlərə və gərginliklərə son nöqtəni qoyub. Bu gün türk qardaşım, kürd qardaşım, zaza, ərəb, laz, gürcü, roman qardaşlarım - 74 milyon qazanıb. İşçilər qazanıb. Məmurlar, pensiyaçılar, kəndçilər, əngəllilər qazanıb. Gənc qardaşlarımız, uşaqlarımız qazanıb. Yoxsul qardaşım, kimsəsiz qardaşım qazanıb. Qlobal miqyasda məzlumların ümidi qazanıb. Bu gün İstanbul qədər Sarayevo qazanıb, İzmir qədər Beyrut qazanıb, Ankara qədər Dəməşq qazanıb, Diyarbəkir qədər Ramallah, Tripoli, Qərbi Şəria, Qüds, Qəzza qazanıb. Türkiyə qədər Orta Şərq, Qafqaz, Balkanlar, Avropa qazanıb. Demokratiya, azadlıq qədər sülh, ədalət, sabitlik qazanıb. Bu millətin bir övladı olaraq böyük bir qurula deyirəm: Türkiyə bölgəsinə və dünyaya örnək təşkil edəcək demokratiyaya nail olub. Allah onlardan razı olsun, məkanları cənnət olsun: Adnan Menderesin, Fatin Rüştü Zorlunun, Hasan Polatkanın canlarını fəda etdikləri demokratiya bu ölkədə sarsılmaz gücə çatır. Mərhum Turqut Özalın xəyalları artıq yerini tapıb. Qazi Mustafa Kamal və yoldaşlarının qurduqları Türkiyə Cümhuriyyəti quruluş fəlsəfəsinə uyğun şəkildə güclü demokratiyası ilə modern cəmiyyət səviyyəsinə çatıb. Canlarını, azadlıqlarını itirən bütün qardaşlarımızın ruhu bir az da olsa şad olub".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır