10 iyun 2011 - 19:30

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Dini etiqad azadlığı haqqında” qanunun parlamentdəki müzakirəsinə heç kim qatılmayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Məclisin iyunun 10-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müzakirələrə dəvət alsa da, parlamentin iclasına getməyib.

Gündüz İsmayılov “Media forum” saytına açıqlamasında bildirib ki, dövlət komitəsini təmsil edən başqa bir nümayəndə parlamentin iclasına qatılıb. Həmin nümayəndənin kimliyinə gəlincə, Gündüz İsmayılov bu məlumatı mətbuat xidmətindən almağı tövsiyə edib.

“Media forum” saytının “Müzakirələrdə iştirak etməməyiniz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərdən narazı qalması anlamına gəlirmi” sualı cavabsız qalıb. Gündüz İsmayılov bu sualı da mətbuat xidmətinə ünvanlamağı məsləhət bilib.

“Media forum” saytı məsələ ilə bağlı Dövlət Komitəsinin mətbuat xidmətinə müraciət etsə də, komitənin sədr müavininin parlamentin iclasına nə üçün qatılmadığı, iclasda iştirak etdiyi bildirilən başqa nümayəndənin kim olduğu haqda suallara cavab ala bilməyib. Eyni zamanda sayt parlamentdən öyrənə bilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “Dini etiqad azadlığı haqqında” qanunun parlamentdəki müzakirəsinə heç kim qatılmayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır