Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Orta məktəblərdə hicabın yasaq edilməsinə etiraz olaraq mayın 6-da keçirilən aksiyaya görə tutulmuş Rövşən Arif oğlu Məmmədov və Əlvan Aslan oğlu Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
Vəkil Anar Qasımov bildirib ki, iyunun 7-də Xətai Rayon Məhkəməsində hüquqlarını qoruduğu hər iki şəxslə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Şikayət rayon məhkəməsinin həmin qərarlarından verilib.
“Hicaba azadlıq” aksiyası mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 16-dək şəxs cinayət məsuliyyətinə alınaraq həbs olunub.
Arif Məmmədov və Əlvan Hüseynov Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır