19 may 2011 - 19:30

“Murovda hərbi xidmət keçmiş oğlumun ölümü üzrə istintaqın obyektiv və ədalətli aparılmasını istəyirəm”. “Turan”ın məlumatına görə, mərhum əsgər Elçin Kərimbəylinin atası Əli Kərimbəyli mayın 20-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirdiyi mətbuat konfransında belə deyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Elçin Kərimbəyli 2011-ci il aprelin 20-də vəfat edib. Atanın sözlərinə görə, oğlu aprelin 2-də xəstələnib: “Ayaq barmaqlarında qanqrena başlayıb. Lakin aprelin 20-nə kimi onu postdan buraxmayıblar və hospitala yerləşdirməyiblər. Elçinin kürəyində, göz nahiyəsində, əllərində və bədəninin digər hissələrində ləkələr olub. Bunlar ya döyülmə izləri, ya da başqa nəsə olub. Gəncə hərbi hospitalında keçirilən ekspertizanın yekun rəyi 20 gündən sonra bilinəcək”.

Əsgərin ölümündən sonra Gəncə Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə (Qulluğa səhlənkar yanaşma) iş qaldırıb. “Mən Şəmkir birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərov və oğlumun xidmət etdiyi hissənin komandiri ilə görüşdüm. Hər ikisi baş verənlərdən dərin təəssüf hissi keçirdiklərini və çox narahat olduqlarını bildirdilər” deyə Əli Kərimbəyli qeyd edib.

Oğlumun xidmət etdiyi postda olan əsgərlərdən biri bildirdi ki, aprelin 20-də onu dağdan ölü kimi - həmin vaxt Elçin komada olub - düşürüblər. Onu gah atla aparıblar, gah dağdan aşağı diyirlədiblər, bir sözlə, meyitlə davranan kimi davranıblar”.

Əsgər atası qeyd edib ki, Elçin Kərimbəyli ordu sıralarına 2010-cu il oktyabrın 1-də  Nərimanov Rayon Hərbi Komissarlığından çağırılıb: “Xidmət başlayandan üç ay sonra - 2011-ci il yanvarın 3-də Murovdakı postlardan birinə göndərilib. Qış aylarında orada havanın temperaturu mənfi 20-30 dərəcəyə enir, normal şərait, isti yemək, hətta şəxsi gigiyenaya əməl etmək üçün şərait, demək olar ki, yoxdur. Əsgərləri çox nadir hallarda dəyişirlər, belə ki, hava şəraiti imkan vermir.  Elçinin ölümündən sonra postlarda normal xidmət üçün şərait yaratmağa başlayıblar, digər postlardakı xəstələri və ya çoxdan dəyişilməyən əsgərləri aşağı düşürüblər. Bəlkə mənim oğlumun ölümü başqalarına kömək edər, daha gənc əsgərlər həlak olmaz”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır