14 may 2011 - 19:30

Dövlət başçısı İlham Əliyev fevralın 15-də “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” sərəncam imzalayıb.

BMT üzvü olan dövlətlər 2012-ci ilə qədər biometrik pasportların verilməsi prosesinə başlamalıdır. Azərbaycanda da biometrik pasportların istifadəsinə qərar verilib. Dövlət başçısı İlham Əliyev fevralın 15-də “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” sərəncam imzalayıb. Həmin sərəncama görə, Nazirlər Kabineti üç ay müddətində elektron daşıyıcısı (çip) olan vətəndaşın şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Bəs görəsən, biometrik pasportların istifadəyə verilməsi hicablı qadınların şəxsiyyət vəsiqəsi, xarici pasport alanda qarşılaşdığı problemi aradan qaldıracaqmı?

Biometrik pasport nə deməkdir?

Biometrik pasport şəxslərin şəkli, barmaq izi, səsi və digər fərdi biometrik xüsusiyyətləri əsasında formalaşdırılır. Müasir dövrdə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və cinayətkarlığın doğurduğu digər təhdidlərə qarşı mübarizə biometrik eyniləşmə sisteminin işlənib hazırlanmasını vacib edib.

Biometrik pasportların istehsalı və tətbiqi sərhədkeçmə nəzarətində və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Standartlaşdırma Təşkilatı və digər qurumların qəbul etdiyi yeni standarta çevrilib.

Biometrik texnologiyaların tətbiqi pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin, eləcə də şəxsin başqa fərdi məlumatlarla sənəd almasına nəzarətin gücləndirilməsini, kritik infrastrukturun və digər obyektlərin mühafizə rejiminin təkmilləşdirilməsini, identifikasiya işlərinin dəqiqliyini və müxtəlif informasiya resurslarında şəxs barədə fərdi məlumatların kompleks əlaqələndirilməsini təmin edir.

Texnologiya ilə bağlı qanunvericilik

Bu sahə ilə bağlı ilk rəsmi sənəd 2006-ci il martın 6-da imzalanıb. Dövlət başçısı İlham Əliyev “Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramınının hazırlanması haqqında” sərəncam imzalayıb və komissiyasının tərkibini təsdiqləyib (Baş nazir Artur Rasizadə komissiyanın sədridir).

Bu sərəncamda biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramının hazırlanması üçün komissiyaya 6 ay vaxt verilsə də, proqramın hazırlanması təxminən bir il çəkib. 2007-ci il fevral ayının 13-də “Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Dövlət proqramında bu sistemin tətbiqinin əhəmiyyətindən danışılır və qeyd olunur ki, biometrik texnologiyaların tətbiqi ilə əlaqədar aşağıdakı məsələlərin həlli milli təhlükəsizlik sisteminin, o cümlədən qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edir:

- miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin, pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin biometrik texnologiyaların tətbiqi ilə gücləndirilməsi;

- biometrik identifikasiya texnologiyaları əsasında yeni nəsil pasport-viza sənədlərinin istehsalının və tətbiqinin təşkili;

- şəxsin şəkli, barmaq izi, səs, dezoksiribonuklein turşusu (DNT) və digər seqmentlərin daxil olduğu milli identifikasiya sisteminin yaradılması, o cümlədən şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsi hallarının biometrik məlumatlar əsasında aşkarlanması və aradan qaldırılması mexanizminin qurulması və sairə.

Proqramda qeyd olunan vəzifələrin icra olunmasının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub: birinci mərhələ (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi məsələləri, habelə miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirləri, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsini əhatə edir; ikinci mərhələdə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur.

Tədbirlər planına görə, İqtisadi İnkişaf Nazirliyi 2007-2008-ci illərdə biometrik pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili, aparılması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsini həyata keçirməli idi.

2008-ci ildən başlayaraq isə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən digər sənədlərin verilməsi üçün zəruri məlumatlar üzrə (doğum, nikah, yaşayış yeri, qan qrupu, gözün rəngi, boyun uzunluğu, ödənilmiş dövlət rüsumları haqqında və s.) müvafiq dövlət orqanlarının elektron informasiya resursları ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məlumat mübadiləsi texnologiyasının işlənib tətbiq olunmasını təmin etməlidir.

Sonrakı illərdə biometrik eyniləşdirmə sistemi ilə bağlı qanunvericilik bazası daha da təkmilləşib. Hətta prezident 2008-ci il iyunun 13-də “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam da imzalayıb. Bu sənədə görə, vətəndaşların pasportlarının hazırlanması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsi ilə bağlı Fransanın “Oberthur” şirkəti ilə müvafiq sənədlərin imzalanması səlahiyyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevə verilib.

Nazirlər Kabinetinə isə vətəndaşların pasportlarının hazırlanması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsinin maliyyələşdirilməsini 2008-ci il üzrə dövlət büdcəsinin ehtiyat fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.

Məqalənin girişində də qeyd etdiyimiz kimi, bu ilin fevral ayının 15-də dövlət başçısı “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” sərəncam imzalayıb və həmin sənədə görə, Nazirlər Kabineti üç ay müddətində elektron daşıyıcısı (çip) olan vətəndaşın şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Nazirlər Kabinetindən “Media forum”a bildiriblər ki, bu istiqamətdə iş gedir. Lakin biometrik pasportların verilməsinin hicabla bağlı problemin həll edilməsinə aidiyyətinin olub-olmayacağı bəlli deyil.

Beynəlxalq təcrübə

İnternet resurslarında qeyd olunan rəqəmlərə görə, bu gün dünyanın 110-dan çox ölkəsində biometrik texnologiyaların tətbiq olunması ilə vətəndaşlara ayrı-ayrı sənədlər təqdim edilir. Hətta Bolqarıstan müsəlmanlarının rəsmi orqanlara etdiyi müraciətə hökumət müsbət cavab verib. Müraciətdə, qadınların saçlarının görünməsinin islam qaydalarına görə haram buyurulduğu qeyd olunaraq yeni biometrik pasportlarda hicabla şəkil çəkdirilməsinə icazə verilməsi istənilib. Bolqarıstanın dövlət məmuru müsəlmanların istəyinin dəyərli olduğunu bildirərək hicablı şəkillərin şəxsiyyəti təsdiq edən sənədlərdə yer almasını əngəlləyən heç bir qanun olmadığını vurğulayıb.

Alim: “İnsana Allahın verdikləri biometrik məlumat deməkdir”

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Media forum” saytına açıqlamasında bildirib ki, vətəndaşlara biometrik şəxsiyyət vəsiqələrinin verilməsi hələ tezdir, çünki proses ən əvvəl xarici pasportların verilməsindən başlanacaq: “Belə pasportların hazırlanması üzrə artıq beynəlxalq standartlar hazırlanıb. Bu pasportların köhnələrdən fərqi ondan ibarətdir ki, əvvəlkini saxtalaşdırmaq asandır, onların mühafizəsi o qədər də təkmil deyil. Yeni biometrik pasportlar isə o qədər də asanlıqla saxtalaşdırıla bilməz. İnsana Allahın verdikləri biometrik məlumat deməkdir. Qlobal dünyamızda insanların asanlıqla bir yerdən gigər yerə getməsinin təmin olunması, eləcə də terrorizmlə mübarizə, müasir texnologiyanın inkişafı bu məlumatların elektronlaşmasına əsas yaradıb. Bir çox ölkə kimi Azərbaycan dövləti də bu gün bu sistemin tətbiqi üzərində çalışır. Hazırda Azərbaycan o mərhələyə çatıb ki, vətəndaşlarımız yeni nəsil biometrik sənədlərlə təmin olunacaq”.

İnstitut direktorunun sözlərinə görə, vətəndaşlara veriləcək yeni pasportlarda kiçik mikrosxem-cip olacaq: “Orada insanın rəqəmləşdirilmiş fotosu, əl izləri olacaq. İlkin mərhələdə pasportlar və digər sənədlər belə hazırlanacaq. Sonrakı mərhələdə isə biometrik məlumatların sayı artacaq. Misal üçün, DNT analizləri, gözün zirehli qişasının xəritəsi və sairə daxil ediləcək. Kimlik insana Allahın bəxş etdiyi xüsusiyyətlərdir, əl izi, gözün rəngi, boyu və sairə. Bu sənədlərin birinci xüsusiyyəti də ondan ibarətdir ki, insanın kimliyi bilinsin. İkinci yerdə isə insanın yaşadıqca nəyə nail olduğu gəlir - ali təhsili, sürücülük vəsiqəsinin olub-olmaması, yəni avtomobil idarə etməyi bacarıb-bacarmaması, yaxud hərbi qulluq keçib-keçmədiyi kimi məsələlər. Bunlar qazanılmış keyfiyyətlərdir”.

Rasim Əliquliyev onu da qeyd edib ki, biometrik eyniləşdirmə sisteminin tətbiqi ilə bağlı tələb var: “Tələb ondan ibarətdir ki, 2012-ci ilə qədər BMT üzvü olan ölkələr öz vətəndaşlarının bir hissəsini biometrik pasportla təmin etməlidir. Təmin olunmadığı halda onların başqa ölkələrə viza verilməsi prosesində problemlər yaşana bilər. Hazırda vəziyyət belədir ki, kimin biometrik pasportu varsa, ona vizanın verilməsi çox sadələşdirilib. Biometrik sənədlərin olması viza məsələsini asanlaşdırır”.

Avropanın bəzi ölkələrinin bu sistemə təzə-təzə keçdiyini vurğulayan Rasim Əliquliyevin sözlərinə görə, Rusiya, Gürcüstan 2010-cu ildən bu sistemə keçməyə başlayıb: “Bildiyim qədər hazırda Azərbaycanda ilkin olaraq xarici pasportların biometrik olması üzərində iş gedir. Bu yaxınlarda ölkə başçısı yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması haqqında sərəncam verib. Nazirlər Kabineti də bu sərəncamdan irəli gələn işləri görüb. Bizim institut da orada ekspert qismində iştirak edib. Bu yaxınlarda biz öz münasibətimizi təqdim etməklə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı təkliflərimizi səsləndirmişik”.

“Bəs yeni nəsil şəxsiyyət vəsiqələrində hicabla bağlı inanclı insanların problemi hansısa formada həll olunacaqmı” sualına Rasim Əliquliyev bu barədə məlumatlı olmadığını deyib: “Dünya təcrübəsində bu problemin necə həll olunmasına isə diqqət yetirməmişəm. Xüsusi olaraq o aspektə baxmamışam ki, dini-ideoloji baxımdan bu məsələ necə olur. Əgər biz biometrik məlumatların dərinliyinə getsək, orada xeyli incə nüans var. Lakin mən bu işlə məşğul olmamışam”.

İlahiyyatçı problemin aradan qalxacağına ümid edir