Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə tutulan gözdən əlil Elnur İsrəfilov barəsində Səbail Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan tədbirinə xitam verilməsi üçün vəsatət qaldırılıb.
Vəkil Yalçın İmanov bildirib ki, vəsatət mayın 10-da istintaq qrupunun rəhbəri Fazil Həsənəliyevə təqdim edilib.
Elnur İsrəfilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur. Həbs qətimkan tədbirini Səbail Rayon Məhkəməsi aprelin 27-də çıxarıb.
Vəkil qeyd edib ki, Elnur İsrafilovun səhhəti ağırlaşıb: “Cinayət prosessual qanunvericilik istintaqı aparan müstəntiqə, yaxud araşdırmaya rəhbərlik edən prokurora ağır xəstə şəxs barəsində həbs qətimkan tədbirini dəyişdirmək səlahiyyəti verir. Elnurun səhhəti daha da ağırlaşır, nitqində qüsurlar əmələ gəlib, ürək ağrıları güclənib və ümumi halsızlıq müşahidə olunur”.
Mayın 2-də Bakı Apellyasiya Məhkəməsi Elnur İsrəfilov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayəti təmin etməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır