Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ictimai Palatanın 2 aprel mitinqində iştirak etdiyinə görə əvvəlcə amansızlıqla döyülərək xəsarət alan, daha sonra işdən çıxarılan, məktəbli övladı həbsə düşən Təzəxan Mirələmliyə qarşı dövlət səviyyəsində mənəvi terror həyata keçirildiyini təsdiqləyən daha bir sübut ortaya çıxdı.
Həmin sübuta toxunmazdan əvvəl xatırladaq ki, bir qədər əvvəl Təzəxan Mirələmlinin çalışdığı məktəbin direktorunun internetdə videosu yayılmışdı. Videoda xanım direktor ağlayaraq etiraf edirdi ki, Cəlilabad rayonunun təhsil şöbəsinin müdiri Ədalət Əsgərov ona təzyiq göstərir. Xanım direktordan tələb edir ki, Mirələmlinin guya, pedaqoji kollektivdə xuliqanlıq etdiyi haqda akt tərtib etsin və bundan sonra həmin akt əsasında polis Təzəxan Mirələmlini həbs edəcək.
Ortaya çıxan sübuta gəlincə, sözügedən sənədin müəllifi təhsil naziri Misir Mərdanovdur. Söhbət nazirin aprelin 6-da Cəlilabad Rayon Təhsil Şöbəsinə 46252419/16 saylı məktubundan gedir. Həmin məktubu rayon təhsil şöbəsinin müdiri “Yeni Müsavat” qəzetinə təqdim edib. Məktubda yazılıb: “Nəzərinizə çatdırırıq ki, 1970-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Fərzili kənd tam orta məktəbinin müəllimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mirələmli Təzəxan Məhərrəm oğlu 2 aprel 2011-ci ildə müxalifət qüvvələrinin Bakı şəhərində təşkil olunmuş icazəsiz mitinqində iştirak etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Bununla əlaqədar həmin müəllimin dövlətçilik əleyhinə yönəlmiş qanunsuz hərəkətlərdən çəkindirilməsi məqsədilə onun ailəsi və özü ilə müvafiq söhbətlərin aparılması, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlərin həyata keçirilməsi, görülmüş və görüləcək işlər barədə 2 gün ərzində nazirliyin rəhbərliyinə məlumat verilməsi sizə tapşırılır”.
Əslində, normal dövlətdə belə bir sənədin ortaya çıxması kifayətdir ki, təhsil naziri səssiz-səmirsiz istefa verib, gedib qoyunlarını otarsın. Ancaq iş burasındadır ki, Misir Mərdanov kimi feodalı heç bir normal dövlətdə nazir qoymurlar, qoysalar belə, ona bizdə olduğu kimi 13 il dözmürlər.
Ölkənin təhsilinə başçılıq edən insanın təfəkkürünə, düşüncə tərzinə baxın: o, bir müəllimin öz konstitusion hüququndan istifadə etməsini “dövlətçilik əleyhinə yönəlmiş qanunsuz hərəkət” sayır. Misir Mərdanov ola bilər ki, Cinayət Məcəlləsini bilməsin. Ancaq onun vəzifə borcudur ki, orta məktəbdə tədris olunan “Konstitusiyanın əsasları”nı öyrənsin.
Təzəxan Mirələmli hansı qanunsuz hərəkətə yol verib ki, onu hətta Azərbaycanın “buyruqqulu” məhkəmələri də mühakimə etməyib? T.Mirələmli dinc aksiyada iştirak etdiyi üçün polisin amansız işgəncəsi ilə qarşılaşıb, gözü, az qala kor olmaq həddinədək zədələnib.
Müəllimlik humanist peşədir, Misir müəllimin savadıyla işimiz yoxdur, amma istənilən halda, insani duyğuları zədələnən həmkarını müdafiə etməliydi. Ancaq o, özünü jandarm kimi aparır. Adam düşünür ki, iraq olsun, məsələn, Ramil Usubovun yerində Mərdanov olsaydı, yəqin ki, o, aksiyaçıların şaqqalanması barədə sərəncam verərdi.
Misir Mərdanovun üzə çıxan bu məktubunu Azərbaycanla əməkdaşlıq edən beynəlxalq donor təşkilatlar da diqqətlə oxumalıdır. Kim də bilməsə, ictimai fəallar bilir ki, Misir müəllimin “kontoru” dərsliklərdə, pedaqoji kollektivlərdə, sivil, demokratik dəyərlərin yayılması üçün nə qədər avronu, dolları həzm-rabedən keçirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır