Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səbail Rayon Məhkəməsi İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasında iştirak etmiş Elnur İsrəfilov barəsində 2 ayliq həbs qətimkan tədbiri seçib. Qərar aprelin 27-si axşam saatlarında verilib. Elnur İsrəfilov Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.
Vəkil Yalçın İmanov deyib ki, Elnur İsrəfilov gözdən əlildir və himayəsində yetkinlik yaşına çatmamış iki övladı var: “Məhkəmə bu amilləri nəzərə alıb onun barəsində həbs qətimkan tədbiri seçməməli idi. Qərardan apellyasiya şikayəti veriləcək”.
Aprelin 25-dən Səbail Rayon Polis İdarəsində saxlanan Yevlax rayon sakini Elnur İsrəfilova vəkili ilə yalnız dünən axşam saatlarında görüş verilib. Yalçın İmanovun sözlərinə görə, onun iştirakı olmadan keçirilən dindirmələrdə Elnur İsrəfilovdan AXCP fəalı, İctimai Palatanın üzvü olan dayısı Məmməd İbrahimin əleyhinə ifadələr alınıb: “Elnur İsrəfilova təzyiqlər göstərərək aprelin 2-də keçirilən mitinqə dayısı Məmməd İbrahimin təkidi ilə qatıldığını, bundan peşman olduğunu və mitinqi təşkil edənlərə lənətlər yağdırdığı barədə ilkin ifadə alıblar. Lakin mənim iştirakımla keçirilən dindirmədə Elnur dediklərini təkzib etdi və ilkin ifadənin ondan zorla alındığını bildirdi”.
Vəkilin sözlərinə görə, ittiham tərəfi Elnur İsrəfilovun aksiya zamanı polis avtobusuna təpik atdığını, zor işlətdiyini iddia edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır