Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların Mina, Müzdəlifə ərazilərinə qatarla çatdırılmaları ilə bağlı razılaşma əldə olunub.
Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Ciddə şəhərində İslam Konfransı Təşkilatının mənzil-qərargahında İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb.
Görüş zamanı bir sıra məsələlər, o cümlədən son zamanlar Yaxın Şərqdə, Şimali Afrikada cərəyan edən proseslər, onların İslam dünyasına təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Səudiyyə Ərəbistanının Mədinə şəhərində A. Paşazadənin krallığın Həcc nazirinin müavini ilə keçirdiyi görüşdə isə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mənəvi əlaqələrin genişləndirilməsi perspektivləri, xüsusən Azərbaycandan Həcc ziyarətinə gələn zəvvarların burada qalma şəraitləri, ziyarətlərini daha rahat şəraitdə həyata keçirmələri ilə bağlı məsələlərin detalları müzakirə olunub.
Builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların Mina, Müzdəlifə ərazilərinə qatarla çatdırılmaları ilə bağlı razılaşma əldə olunub, təyyarələrin uçuşu zamanı gecikmə probleminin minimuma endirilməsi yönündə danışıqlar aparılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır