28 mart 2011 - 19:30

Suriya prezidenti Bəşər Əsəd 2003-cü ildən baş nazir vəzifəsində çalışan Naci Otrinin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:   hökumətin istefasının səbəbləri açıqlanmayıb. Hökumətin istefaya göndərilməsi Suriya rəhbərliyinin köklü siyasi və iqtisadi islahatlara başlamaq vədinin yerinə yetirmək istiqamətində ilk addım sayılır. Əsədin vəd etdiyi islahatlar hökumətin istefaya göndərilməsi ilə məhdudlaşmayacaq. Bu axşam prezidentin xalqa müraciət edəcəyi və atacağı növbəti addımları açıqlayacağı gözlənilir.

Dünən ölkənin vitse-prezidenti Faruk Şara dövlət başçısı Bəşər Əsədin mühüm qərarları açıqlayacağını bildirmişdi. Xatırladaq ki, Suriya rəhbərliyi ciddi islahatlara başlamaq qərarını ötən həftə qəbul edib. İslahatlara çoxpartiyalı sistemin tətbiq olunması, kütləvi informasiya vasitələri haqqında yeni qanunun qəbulu, məhkəmə sisteminin yenidən qurulması, korrupsiyaya qarşı sərt mübarizə daxildir.

Prezident Bəşər Əsədin bu gün həmçinin ölkədə 48 ildir davam edən fövqəladə vəziyyət rejimini ləğv edəcəyi də gözlənilir. Artıq hakimiyyət bununla bağlı praktiki addımlar atmağa başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.