Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda, guya korrupsiyaya qarşı mübarizə dövrünün başlandığı barədə xəbərlər əslində oliqarxlar arasında savaşdan başqa bir şey deyil. Hakimiyyətdən korrupsiyaya qarşı mübarizə bəyanatı kosmetik və müvəqqəti xarakterli addım olmaqdan başqa, həm də ölkə daxilində mövcud olan iri kapitala nəzarəti tənzimləmək mərhələsi kimi düşünülüb. “Korrupsiyaya qarşı mübarizə” proqramına rəhbərlik edənlər bu proqram çərçivəsində hakimiyyətdaxili intriqalarını da genişləndirməyə başlayıblar. Bu kampaniyanın gedişində yerli oliqarxlardan bəzilərinin maliyyə ehtiyatlarına əl qoymaq nəzərdə tutulur.
“Azadlıq”a məlumat verən mənbə bildirir ki, hakimiyyətdaxili intriqaların tərəfi olan bir sıra iribuynuzlu məmurlar artıq Azərbaycandan iri pul kütləsini çıxarmağa başlayıblar. Oxucular xatırlayırsa, hələ bir müddət əvvəl Azərbaycanlı oliqarxların ölkədən nəqd pul çıxarması, Türkiyədə, ərəb ölkələrində, hətta bəzi risqli ölkələrdə də investisiya ünvanları axtarması barədə məlumat yaymışdıq.
Qəzetimizə məlumat verən mənbə indiki pul axınının iki mühüm səbəbi olduğunu göstərir: Ərəb ölkələrini bürüyən inqilablardan qorxuya düşən Azərbaycandakı iri maqnatlar pullarını daha etibarlı şəkildə qorumaq üçün başqa ölkələrə axıdırlar. Təsadüfi deyil ki, inqilabın qəflətən yaxaladığı Hüsnü naMübarək öz pullarını xilas etmək üçün 18 gün qan tökdü. Oliqarxların öz pullarını ölkədən çıxarmasının ikinci mühüm səbəbi də korrupsiyaya qarşı mübarizə adı altında başlanan kampaniyadır. Bu kampaniyada məşhur korrupsioner Ramiz Mehdiyevlə münasibətləri yaxşı olmayan oliqarxların vurulacağına kimsə şübhə etmir. Buna görə də potensial qurbanlar öz pullarını qaçırmaqla məşğuldurlar. Onlar öz pullarının rəqiblərinin əlinə keçməsini istəmirlər. Cəmi bircə ay ərzində Azərbaycandan bir milyard manata qədər pul kütləsi axıdılıb və proses davam edir".
Maraqlıdır ki, bu prosesin gedişində fövqəlnazirin nəzarəti altında olan strukturlarda heç bir idarəetmə dəyişikliyi aparılmır, nəzərdə tutulmur, hətta imitasiya da edilmir. Mənbə bildirir ki, fövqəlnazir öz kurasiyası ilə bağlı yalnız Ilham Əliyevə hesabat verir və başqa hər hansı dövlət məmurunun, hətta məşhur korrupsioner Ramiz Mehdiyevin belə göstərişləri, apardığı kampaniya onu xüsusi olaraq narahat etmir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır