18 fevral 2011 - 20:30

“Foreign Policy” jurnalı hesab edir ki, Ərəb ölkələrində baş verən inqilabın Azərbaycan, Belarus və Orta Asiya ölkələrində də baş verməsi ehtimalı yüksəkdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-da çap olunan “Foreign Policy” (“Xarici Siyasət”) jurnalı hesab edir ki, ərəb ölkələrində baş verən inqilabın Azərbaycan, Belarus və Orta Asiya ölkələrində də baş verməsi ehtimalı yüksəkdir. Jurnal fikrini bununla əsaslandırır ki, həmin ölkələrdə də sülalələr və avtokratik liderlər müxalifət partiyalarını, demokratik institutları iflic edib, xalqı seçim və hakimiyyəti dəyişmək hüququndan məhrum edib.

 

Müəllif Fiona Hill Ərəb inqilablarının Rusiya və Çinə mümkün təsirindən bəhs edərək yazır:

“Son vaxtlar nəzərlər Yaxın Şərqə yönəlib. Tunis və Misir prezidentlərini istefaya məcbur edən inqilab dalğasının Ərəb xalqlarının oyanmasına necə təsir edəcəyi, bu hadisələrin İsaril və İran üçün nəticələrinin nə olacağı maraqla izlənir.

 

Xalq hərəkatları nəticəsində devriləcək Ərəb liderləri siyahısında Əlcəzair, İordaniya, Suriya, Yəmən və Fələstin Muxtariyyətinin rəhbərlərinin adları çəkilir.

 

Ancaq bu dövlətlərin heç birinin Moskva və Pekin üçün daimi əhəmiyyəti yoxdur. Buna baxmayaraq, Ərəb dünyası və Yaxın Şərq xaricində ailə hakimiyyətlərini möhkəmləndirən, müxalifət partiyalarını, demokratik institutları iflic edən, xalqı seçim və hakimiyyətin dəyişmə hüququndan məhrum edən rejimlər çoxdur. Belə ölkələrin əksəriyyəti Rusiya və Çinin qonşuluğunda yerləşir.

 

Onların arasında Azərbaycan və Belarus, Orta Asiya ölkələrindən Qazaxıstan, Tacikistan, Türkmənstan, Özbəkistan və Uzaq Şərqdə Şimali Koreya var.

Rusiyanın isə narahat olmağa əsasları daha çoxdur. 2003-2005-ci illərdə Rusiya ilə həmsərhəd ölkələrdə "rəngli inqilablar" olanda regionda siyasi kataklizmlər yaşandı”.

 

Gürcüstanda, Ukraynada baş verən inqilablardan bəhs edən müəllif 2003-cü ildə Azərbaycanda hakimiyyətin atadan oğula – Heydər Əliyevdən İlham Əliyevə ötürülməsini və həmin vaxt müxalifətin kütləvi etirazlar aksiyaları keçirdiyini xatırladır

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

(“Azadlıq” radiosu).