14 fevral 2011 - 20:30

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu belə hesab edir: “Azərbaycandakı səfirliklərin terror xəbərdarlıqları eləməsi, yaxud İsrail səfirliyi kimi fəaliyyətini dayandırması siyasi motivlərlə bağlı deyil”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərəstun Oruclu bildirib ki, səfirliklər həqiqətən də real terror təhdidlərinin olmasından xəbərdardır: “ABŞ və Böyük Britaniyanın xəbərdarlıqlarında hansısa siyasi çalar axtarmaq olar. Çünki açıq olmasa da, Böyük Britaniyanın, ABŞ-ın Azərbaycanla siyasi münasibətlərində hansısa gərginlik var. Azərbaycanın rəsmi açıqlamalarında, rəsmi şəxslərin müsahibələrində, eləcə də ABŞ-ın Azərbaycana münasibətində - demokratiyanın, insan haqlarının qorunması baxımından, korrupsiya ilə bağlı - gərginlik var.

İsraillə münasibətlərə gəldikdə, bu ölkəninAzərbaycanla hər hansı gərginliyinin olmadığını bilirik. Azərbaycan israillə tam uyğun əlaqə saxlayır. Halbuki hazırda səfirliyin fəaliyyətini dayandırmaqla ən radikal addımı bu ölkə atıb. Hesab edirəm ki, Qərb tipli dövlətlər içərisində İsraillə Azərbaycan arasında münasibətlər daha yaxşıdır. Müsəlman dünyasında - Misirdə baş verən hadisələrdən sonra, eləcə də Türkiyə-İsrail münasibətlərinin soyuması fonunda Azərbaycan İsrail üçün önəmli partnyor olub”.

Politoloq bir daha vurğulayır ki, terror təhlükəsi həqiqətən də var: “Terror elə bir aksiyadır ki, onun barəsində əvvəlcədən məlumat olmur. Harda, nə zaman və necə baş verəcək? Ümumi bilgilər olanda və bu məlumatlar yetərincə olmayanda, onun qarşısını almaq üçün profilaktik tədbirlər keçirmək mümkün olmayanda dövlətlərin praktikasında hər hansı xəbərdarlıq eləməsi, öz vətəndaşlarını ehtiyatlı olmağa çağırması təbiidir”.

Azərbaycanda son iki ay ərzində islamçıların həbsi, onların terror hazırlaması, dövlət çevrilişi hazırlamasına dair hüquq mühafizə orqanlarının apardıqları əməliyyatları xatırladan Ərəstun Oruclunun sözlərinə görə, bu əməliyyatların arxasında nələrin dayandığını azərbaycanlılar ehtimal edə bilər: “Amma xarici ölkələr belə baxmırlar. Xüsusən terror mövzusunun həssas olduğu bir zamanda bu kimi məsələlər çox ciddiyə alınır. İndi biz bu təsiri hiss edirik.

Digər tərəfdən son zamanlar Azərbaycanla İran İslam Respublikası arasında davamlı gərgin prosesin yaşandığı müşahidə olunur. Bölgədə hüquqları pozulmuş təşkilatlar var, onlar İran İslam Respublikasını özləri üçün himayədar, dayaq görürlər. Ona görə də İran İslam Respublikasına qarşı olan addımı özlərinə qarşı yönəlmiş hesab edirlər”.

Hazırda İran İslam Respublikası müxalifətinin yeni etiraz dalğasına başlamaq istədiyini qeyd edən politoloq bildirib ki, bununla da diqqəti yayındırmaq üçün, İranda qaynamanın Qərbdən gəldiyi məntiqindən çıxış edərək Qərb maraqlarına hücumlara baş vura bilərlər: “Eyni zamanda İran-İsrail münasibətlərinin hansı formada olduğunu nəzərə almaq lazımdır”.

Səfirliklərin qorunması məsələsinə gəlincə, Ərəstun Oruclu bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda terrorla mübarizə istiqamətində peşəkarlıq artıb: “Artıq antiterror qurumları var. İstər ABŞ, istər Rusiya, istər İsrail qurumları ilə birgə əməliyyatlar keçirilib və bunlar çox uğurlu alınıb. Sadəcə olaraq İsrail terror məsələsində çox həssasdır və özlərini sığortalamaq üçün bir qədər radikal addım atıblar”...

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır