14 fevral 2011 - 20:30

Bu rejimlər süqut edəcək növbəti rejimlərdir.Norveçin sabiq baş naziri inanır ki, Tunis və Misir sadəcə başlanğıcdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Norveçdə fəaliyyət göstərən “Oslo Sülh və İnsan Haqları” Mərkəzinin direktoru, sabiq baş nazir və xarici işlər naziri Kjel Maqne Bondevik ərəb ölkələrində başlayan inqilabların Yaxın Şərqdə və Şimali Afrikada bir çox ölkələrdə davam edəcəyini söyləyir.

“Hüsnü Mübarək öz rejiminin sona çatdığını başa düşmüşdü. Bu demokratiya naminə tarixi qələbədir”, deyə Bondevik  “Dagbladet” adlı Norveç qəzetinə bildirib.

Qəzetin Bondeviklə müsahibəyə əlavə etdiyi şəkildə inqilab dalğasının əhatə edəcəyi ölkələr sırasında Azərbaycan da var. Bondevik qəzetə bu inqilab prosesinə təkan verən amillər və  onun davamlılığı barədə fikirlərini açıqlayıb.

- Bu hadisələrin sürətlənməsinə təkan verən nə oldu?

- Bütün planetdə belə bir proses gedir. Amma Misirdə hadisələrin sürətlənməsinə təkan verən əsas əlamət Hüsni Mübarəkin oğlunu öz yerinə təyin etmək istəyi oldu. Bu plan adamları səfərbər etdi. Bu, yoxsulluğa, işsizliyə, demokratiyanın yoxluğuna və nəhayət, Mübarəkin özünə qarşı qiyam oldu.

Bondevik qeyd edir ki, Misirdə inqilabın baş verməsi özü-özlüyündə təəccüblü deyildi. Təəccüb doğuran bu inqilabın bu qədər sürətlə və intensivliklə baş verməsi oldu. Bondevik bu inqilaba xarici dəstəyin olduğunu da qəbul etmir:

- Doğrudur, ABŞ Misir müxalifətinə mənəvi dəstək verdi və düşünürəm ki, bu dəstəyin də müəyyən qədər rolu oldu.

- Bu inqilablar yayıla bilərmi?

Suala cavabda Bondevik bildirir ki, bu inqilab artıq bir sıra ölkələrdə inqilabi əhval-ruhiyyə yaradıb və bu proses davam edəcək:

- ABŞ Dövlət Departamentinin bəyanatının məntiqindən belə çıxır ki, növbəti inqilab ilk növbədə İordaniyada baş verə bilər.  Mən Yəməndə, İordaniyada şəxsən olmuşam və o ölkələrdə adamların azadlıqların olmamamsı üzündən necə əziyyət çəkdiklərinin bilirəm.

Bondevik müsahibədə qeyd edir ki, ərəb ölkələri arasında ən çətin inqilab klanının 7 min nəfərə qədər üzvü olan Səudiyyə Ərəbistanı kralına qarşı ola bilər. Bondevik eyni zamanda onu da bildirir ki, İsrail inqilabın baş verəcəyi ərəb ölkələrində yəhudilərə qarşı o qədər də yaxşı olmayan siyasi qüvvələrin hakimiyyətət gəlişindən narahatdır.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır