10 fevral 2011 - 20:30

DİN İsrailin öz vətəndaşlarını gözlənilən terror təhlükəsi ilə əlaqədar Azərbaycana səfər etməmək barədə çağırışına münasibət bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Daxili İşlər Nazirliyi İsrailin Azərbaycanda gözlənilən terror təhlükəsi ilə əlaqədar vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırışına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib ki, bu gün Azərbaycanda əməliyyat şəraiti və kriminogen durum tam nəzarət altındadır. O, bir daha bəyan edib Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin, eləcə də onların akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyi etibarlı şəkildə qorunur, həmçinin onların yaşadıqları yerlər nəzarətdə saxlanılır: “Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir”.

Qeyd edək ki, Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fİl Dişi Sahili, Mali və Mavritaniya kimi ölkələrin sırasında tolerantlığı ilə seçilən Azərbaycanın daxil edilməsi, bir qədər təəccüblüdür.

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Bu ölkələrin arasında Azərbaycan və Türkiyənin də adı çəkilib. İsrail rejimi adı çəkilən ölkələrdə vətəndaşların hər hansı bir təzyiqə və yaxud terrora məruz qalmasını əsas gətirərək, bu ölkələrə getməməyi məsləhət görüb.

Məlumat üçün bildirək ki, ötən gün MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev, ABŞ Dövlət Departamenti və Amerika səfirliyinin Azərbaycanda ABŞ vətəndaşlarına mümkün təhlükələrlə bağlı məlumatlarını şərh edərkən bildirmişdi ki, "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün zəruri, qabaqlayıcı tədbirlər görülür. Bu proses daimidir və bütün müvafiq orqanlar, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi əməliyyat şəraitinə tam nəzarət edir”.

Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ABŞ-a verdiyi cavabdan sonra İsrailin ölkəmizi yenə də təhlükəli məkan kimi görməsi anlaşılan deyil.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır