Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Vaşinqton Post” qəzetinin redaktoru Fred Hiatt Misir hadisələrinə ABŞ-ın münasibəti haqda məqaləsində Azərbaycan prezidentinin adını hallandırıb. “
Azadlıq” radiosunun məlumatına görə, qəzetin 7 fevral sayında çıxan məqalədə müəllif yazır: “Xarici siyasət hər zaman risklərin balanslaşdırılmasını tələb edir. Ona görə də müttəfiq olan diktatoru qəzəbləndirmək, yoxsa onun rejimini laxlatmaq sualını başa düşmək olar. Reallıqda Hüsnü Mübarək də İran məsələsində, terror əleyhinə siyasətdə Vaşinqtonla əməkdaşlıq edirdi. Amma eyni zamanda ölkədə demokratik qurumları məhv edir, elə təsəvvür yaradırdı ki, islamçılara qarşı ondan yaxşı alternativ yoxdur, İsrailə düşmən münasibət bəsləyən xalqla İsrail arasında yalnız o dayana bilər. Uzun illər Mübarəki daha dünyəvi rəqiblərini həbsə atmasına, işgəncələrə məruz qoymasına görə sıxışdırsaydı, indi Təhrir (Azadlıq) meydanına toplaşan xalq ABŞ-a etibar edərdi.
Dövlət katibi Hillari Klinton Münhendə keçirilən təhlükəsizlik konfransında bundan sonra ABŞ-ın demokratik islahatlar üçün avtoritar rejimlərə daha çox təzyiq edəcəyini deyib. O bildirib ki, yaxın perspektivdə risklər vəd etsə də, ABŞ həmin rejimlərə indiyə qədərki status-kvonu davam etdirməyin mümkün olmadığını çatdıracaq.
Bu sözlər praktikada nə demək olacaq? Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartı oynayır. ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayış göstərir. Yəni indi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?”
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır