Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirəndən sonra dövlət qurumlarında kollegiya iclaslarına start verilib. Hər gün bir nazir kollegiya iclası keçirərək işçiləri asıb-kəsir, bir neçə nəfəri işdən qovur. Hətta kollegiya iclaslarının nəticəsi olaraq məsuliyyətə cəlb olunanlar da var. Artıq bütün nazirlər “islahat şousu”nun effektli alınması üçün gərəkən addımları atıblar. Yalnız bir nazir Ramiz Mehdiyevin müəllifliyi ilə cəmiyyətə nümayiş etdirilən şouda iştirak etməyib.

Bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. “Fövqəlnazir”in şouya qatılmamasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasında münasibətlərin qarşıdurma səviyyəsində olmasıdır. Hakimiyyətdə kifayət qədər gücə malik olan və ölkənin “ikinci prezidenti” statusunda tanınan Kəmaləddin Heydərov idarəetmədə Ramiz Mehdiyevin söz sahibi olmasını heç bir halda qəbul etmir. Eyni zamanda hakimiyyətin siyasi xəttini müəyyənləşdirən akademik “fövqəlnazir”in özünü ikinci şəxs kimi aparmasını həzm etmək niyyətində deyil. Görünür, “fövqəlnazir” hesab edib ki, kollegiya iclası keçirməklə cəmiyyətdə onun da Ramiz Mehdiyevin liderliyini qəbul etməsi barədə rəy formalaşa bilər. Ona görə də PA rəhbərinin “islahat şousu”nda iştirak etmək istəməyib.

Başqa bir səbəb isə o ola bilər ki, Kəmaləddin Heydərov bütün bunların şou olduğunu bildiyindən kollegiya iclasına ehtiyac görməyib.