31 yanvar 2011 - 20:30

Müxalifət Rəsulzadə günündə möhtəşəm aksiya keçirdi, iqtidardan Hüsnü Mübarəkin heykəlinin götürülməsi tələb etdi. İsa Qəmbər: "Gücümüz var ki, bu ili ölkədə köklü demokratik dəyişikliklərin başlanğıcı kimi tarixə yazdıraq"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən İctimai Palata ilk möhtəşəm aksiyasını keçirdi. Quruma daxil olan partiyaların liderləri, təmsilçiləri, ziyalılar, eləcə də gənclər Şərqdə ilk demokratik cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 127-ci il dönümü münasibəti ilə onun Novxanı kəndindəki heykəli önünə izdihamlı yürüş etdilər.

Qəsəbənin girişindən başlayan aksiyada yüzlərlə insan iştirak edirdi. Aksiyaya kənd sakinləri də qoşulmuşdular. Tədbir başlamazdan öncə əraziyə xeyli sayda polis qüvvələri cəlb olunmuşdu. Aksiya iştirakçılarının bəzilərinin əllərində “Ben Ali, next İlham Ali”, “Müsavat ili və Tunis ili”, “ İstiqlal və Cümhuriyyət!” şüarları yazılmış  plakatlar tutmuşdular. Bu müddətdə polis aksiyaya müdaxilə etmədi.

Rəsulzadənin abidəsi önündə düzənlənmiş tədbirdə isə nümayişçilərin sayı dəfələrlə çoxaldı. Tədbiri giriş sözü ilə açan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bu tarixin əhəmiyyətindən danışdı, xalqı bayram münasibəti ilə təbrik etdi: “Böyük Rəsulzadə və onun tərəfdarları 100 il bundan öncə Müsavat Partiyasını yaratdılar. Azərbaycana müsavatçılıq ideologiyasını, cümhuriyyətçiliyi, daha sonra isə cümhuriyyəti gətiriblər. Hələ o zaman dünyada cəmi 12 demokratik cümhuriyyət var idi. Bu gün isə onların sayı 70-dir”.

Sonra söz qurumun Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyliyə verildi. A.Səmədbəyli Rəsulzadənin ruhunun narahat olduğunu dedi: “Çünki ölkəmiz demokratiya məsələsində 196 ölkə arasında 172-ci yerdədir. Azərbaycan xalqı buna layiq deyil. Öndərin bir davası olub, o da Azərbaycanımızın istiqlalı və millətin xoşbəxtliyidir...”

Tarixçi-alim Cəmil Həsənli isə Rəsulzadə ideyalarının xalqımıza verdiyi dəyərli töhfələrdən söz açdı: “Rəsulzadə xalqı milli dirilik nəzəriyyəsi ilə silahlandıran ilk liderdir. Tariximizdə İslam hümmətindən türk millətçiliyinə keçid onun adı ilə bağlıdır. Birinci dünya müharibəsi ərəfəsində onun “Dirilik” jurnalında çap olunmuş “Milli dirilik” silsiləsi millətimizin hədəflərini müəyyən etmişdi. Azərbaycan ziyalılarının böyük istiqlal arzusu vardı ki, millətinin imzası dünya xalqları imzası içində olsun. Bu imzanı atan məhz Rəsulzadə oldu”.

Koordinasiya şurasının digər üzvü, AXP sədri Pənah Hüseyn çıxışında Rəsulzadənin xalqımıza əmanət qoyub getdiyi ən böyük əsərin Azərbaycan olduğunu söylədi: “Bu, həmin ölkədir ki, Şərqdə ilk demokratik cümhuriyyət nümunəsi qoyub. Xalqımızın istəyini ifadə edərək deyirəm ki, Rəsulzadə- Elçibəy vəsiyyətlərini, ideyalarını davam etdirərək ölkəmizi demokratiyaya çatdıracağıq”. P.Hüseyn Misir fironu Hüsnü Mübarəkin Xırdalandakı heykəlinin götürülməsini tələb etdi: “Azərbaycanda qəddar, feodal təfəkkürlü Hüsnü Mübarəkin heykəli qoyulub. Bu azmış kimi, onun xanımının adını daşıyan məktəb də var. Biz tələb edirik ki, həmin heykəl və məktəbin adı oradan götürülsün”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın 100 illik yubileyində silsilə tədbirlərin davam edəcəyini söylədi: “Azərbaycan xalqını təbrik edirik. M.Ə.Rəsulzadə bütün ömrünü xalqımızın azadlığına və inkişafına, həsr edib. Onun həyat və yaradıcılığı hamıya örnək olmalıdır. Dünən axşam dünyanın bir çox yerlərindən bizə təbrik zəngləri olub. Rəsulzadənin töhfələrindən biri də Müsavat Partiyasıdır. Bu il partiyanın 100 yaşı tamam olur. Ona görə də yubiley komitəsi yaratmışıq. Komitənin fəxri sədrləri professor Şirməmməd Hüseynov və Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünaldır. Hər iki şəxsiyyətə təşəkkür edirəm. Bu tədbirlər il boyu davam edəcək”.

İ.Qəmbər təbii ki, ərəb ölkələrindəki qiyamlardan da danışdı. O, inqilabın ölkəmizə də gəlib çatacağını dedi: “Dünya dəyişdikcə, Azərbaycan da dəyişməlidir. Gücümüz var ki, bu ili ölkədə köklü demokratik dəyişikliklərin başlanğıcı kimi tarixə yazdıraq. 1918-ci ildə Rəsulzadə cümhuriyyət qurub, 1991-ci ildə Elçibəyin liderliyi ilə bu müstəqillik bərpa olunub. Hər iki dəfə qara qüvvələr tarixin istiqamətini dəyişməyə çalışıblar. Artıq elə dəyişikliklər başlamalıdır ki, Rəsulzadə düşmənləri yox, onu sevənlər öz hakimiyyətlərini formalaşdırsınlar. Xalqın formalaşdırdığı hakimiyyət ölkənin problemlərini həll, ərazi bütövlüyünü bərpa etsin, müstəqilliyini yaşatsın. Azərbaycan xalqı buna qadir və layiqdir. Bu il İslam dünyasında böyük dəyişiklik yaşanır. Misirdə inqilabı proses gedir, mübarizə gedir,  yüzlərlə insan öldürülür. Ölkəmizin Misirdəki səfirliyinin gənc əməkdaşı da öldürülüb. Bunu avtoritarizmin yeni mərhələdə ilk qurbanı da hesab etmək olar. Biz ölkəmizdə proseslərin dinc məcrada getməsi üçün ümumxalq birliyini təmin etməliyik. Məhz bu məqsədlə İctimai Palata yaratmışıq. İnanıram ki, ən görkəmli xadimlər, mütəxəssislər kənarda qalmayacaq. İctimai Palata ölkənin məsuliyyətini öz üzərinə götürməyi bəyan edib”.

AXCP sədri Əli Kərimli çıxışına hakimiyyətin Rəsulzadəyə qısqanc münasibətindən başladı: “Rəsulzadə elə şəraitdə dövlət qurub ki, müsəlman ölkələrində nəinki demokratiya, heç müstəqillik yox idi. Belə durumda qurucu babalarımız yoxdan dövlət yaratdılar. Yoxsa bizim də taleyimiz Dağıstan və başqa qafqaz xalqlar kimi olardı. İndiki hakimiyyətin Rəsulzadəyə biganə, nankor münasibətinə etiraz etməliyik. Qoy onlar bütlərini, şəkillərini televiziyaların küncünə yapışdırsınlar. Rəsulzadə bizim qəlbimizdədir və silə bilməzlər”.Tədbirin sonunda Rəsulzadə irsinin davamçısı, öndərin nəvəsi Rəis Rəsulzadə hamıya təşəkkürünü bildirdi. Ardınca Rəsulzadənin Novxanıdakı qəbiristanlıqda uyuyan yaxınları ziyarət edildi, onların ruhuna dualar oxundu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır