31 yanvar 2011 - 20:30

“Hacıbala Abutalıbov bizim mənzillərimizi sökməklə hədələyir”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hüquq müdafiəçisi Leyla Yunusun ev telefonları kəsildiyinə görə məhkəmə iddiası qaldırıb. Dünən SDİ direktorunun yaydığı məlumatda bildirilib ki, bir həftə keçməsinə baxmayaraq nə Yasamal rabitə şöbəsi, nə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qanunsuz olaraq onlara məxsus Şəmsi Bədəlbəyli küçəsi 38, mənzil 2 ünvanında olmuş iki telefon xəttinin geri qaytarmayıb:

“Məhkəmə istintaqı olmadan telefonların bərpa olunması ağıllı və hüquqi addım olardı, ona görə ki, biz məhkəmə iddiamızda bizə verdikləri narahatçılığa görə heç bir maddi kompensasiya tələb etməmişdik. Lakin Azərbaycanın icra orqanları mülkiyyət hüququnu pozmalarına baxmayaraq dialoqa girmirlər”.

Açıqlamada Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən qanunların pozulması barədə qeydlər var: “23-26 yanvar tarixlərində Bakı və Nəsimi rayon icra hakimiyyətlərinin nümayəndələri Şəmsi Bədəlbəyli küçəsi 36-42 ünvanlarındakı mənzillərə gələrək Hacıbala Abutalıbovun adından sakinlərə bildirmişlər ki, onların mənzilləri ən yaxın zamanda söküləcəkdir. Bu zaman İcra Hakimiyyəti nümayəndələri, onların tələbini əsaslandıran  heç bir hüquqi sənəd təqdim etməyib və sakinlərdən təcili olaraq onlara məxsus mənzillərin mülkiyyət kağızını və texniki pasportunu MİS-ə təhvil vermələrini tələb ediblər.  Ancaq Konstitusiyanın 13-cü maddəsində deyilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” O cümlədən 29-cu maddədə: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Mülki Məcəlləsinin 157.9 maddəsinə görə “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı (Nazirlər Kabineti) tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Eyni zamanda, Nazirlər Kabinetinin qərarları Daşınmaz əmlakın Dövlət Reyestrində mütləq qeydə alınmalıdır”.

L.Yunus bundan əlavə Mənzil Məcəlləsinin 31-ci maddənin bəndlərinə istinad edərək bildirib ki, cənab H.Abutalıbov göstərilən hüquqi normalarla tanış deyil: “Beləliklə, Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Ona görə də o Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçə bilməz . Mənzil Məcəlləsinin 31-ci maddəsinin bəndlərindən heç biri nəzərə alınmayıb və yerinə yetirilməyib. Bütün 2010-cu il ərzində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri Nəsimi rayon polis idarəsinin əməkdaşları ilə birlikdə sakinləri Füzuli və Şəmsi Bədəlbəyli küçələrindəki evlərindən və mənzillərindən zor gücünə çıxarmışlar, evləri yerlə yeksan etmişlər». BizimYol

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır