26 yanvar 2011 - 20:30

LEYLA YUNUS: "İŞGƏNCƏ VERİB SAXTA İFADƏYƏ İMZA ATDIRMAQ AZƏRBAYCANDA TƏBİİ HALDIR"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da törədilmiş qırğında təqsirli bilinən şəxslərin apellyasiya şikayətinə baxılarkən dediklərinə belə münasibət bildirib: “İnsanlara işgəncə verib saxta ifadəyə imza atdırmaq Azərbaycanda təbii haldır”.

Təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Nadir Əliyev 2011-ci il yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə bildirib ki, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Məndən ifadəni işgəncələr altında alıblar. Bu ifadələrin alınması üçün məni göydən asıblar. Üç gün məni döyüblər, Fərda Qədirovun silahı hardan aldığını soruşublar. “Bilmirəm” deyəndə məni döyüblər. Axırda məcbur olub Fərda Qədirovun silahı Bakıdan aldığını demişəm. Üç gün məni Bakıda olan ovçular mağazalarını gəzdirdilər. Sonradan sübut etdilər ki, Fərda Qədirov silahı Gürcüstandan alıb.

ADNA-nın yaxınlığında olmağım barədə ifadəni də məndən göydən asılı vəziyyətdə alıblar. Məni asmaqla, işgəncə verməklə ürəkləri soyumadı. Cinsiyyət orqanlarımı toka verdilər. Namusuma toxunublar, məni butulka üstündə otuzdurub ifadə alıblar. Dözə bilmədim, onların mənim adıma yazdığı ifadəyə qol çəkdim. Bunları da “Bandotdel”də Teyyub, Müzəffər adlı şəxslər edib” (Mənbə: “Bizim yol” qəzeti, 27 yanvar 2011-ci il).

“Media forum”a danışan Leyla Yunus təqsirləndirilən şəxslərin yeganə çıxış yolunun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək olduğunu söyləyib: “Neçə illərdir ki, biz məhkəmələri izləyirik və bu qanun pozuntuları barədə ictimaiyyətə məlumat veririk. Hakimlər təqsirləndirilən şəxsin işgəncəyə məruz qalmasına, verdikləri ifadənin yalan olduğuna dair sözlərinə göz yumurlar. İşgəncə verənlər heç bir məsuliyyətə cəlb olunmur və hər dəfə daha da güclənirlər. Əfsuslar olsun ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur və hakimlər qanunu pozaraq əsl cinayətkarları cəzalandırmır.

Əslində, qanunla məhkəmə təqsirləndirilənlərin bu sözlərindən sonra yeni iş açmalı idi. Amma Azərbaycan vətəndaşları Azərbaycanda ədalətli məhkəmə hüququndan məhrumdurlar. Bu şəxslərin yeganə çıxış yolu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdir”

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Mardun Qumaşyan hazırda Marneuli rayonunun Şulaver kəndində yaşayır. Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır