15 yanvar 2011 - 20:30

AİP sədri Mövsüm Səmədovun ailə üzvləri: "Açıq şəkildə olmasa da hiss edirəm ki, bizi izləyirlər"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AİP sədri Mövsüm Səmədovun ailə üzvləri ötən gün ona yemək aparıblar. AİP sədrinin həyat yoldaşı BMCMİ-də onlara qarşı kobud rəftar olunduğunu, gözlədildiklərini dedi: “Bizə demişdilər ki, saat 5-də yemək gətirin. Ancaq 5-də orada olmağımıza baxmayaraq bizi yarım saat gözlətdilər. Ümumiyyətlə, bizimlə kobud rəftar edirlər. Görüş istəyimizi isə ümumiyyətlə yaxına buraxmadılar, dedilər ki, burada görüşmək olmaz. Həyat yoldaşıma qarşı heç bir ittiham irəli sürülməyib, ancaq onu hələ də cinayətkar kimi o idarədə saxlayırlar. Ancaq qanunla onu ümumi təcridxanada saxlamalı idilər”.

Musavat.com-un verdiyi məlumata görə, Mehparə Səmədova evlərinin izləndiyini, onların hərəkətlərinin nəzarət altında olduğunu dedi: “Açıq şəkildə olmasa da hiss edirəm ki, bizi izləyirlər. Evə nəzarət edirlər. Yaxınlıqda polis maşınları olur, eyni zamanda tanımadığımız mülki şəxslər daim evimizi, bizi izləyirlər”.

Onu da qeyd edək ki, AİP nümayəndəsinin sözlərinə görə, ötən bazar günü saxlanılan AİP-in Sumqayıt təşkilatının 3 üzvünün inzibati həbs müddəti dünən bitdiyi üçün onlar azadlığa buraxılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır