Ölkədəki hicab qadağasının hələ də aradan qaldırılmaması və müsəlmanların son həbsləri dindarları və ruhaniləri narahat etməkdədir.

Bu mövzu ilə əlaqədar İslam-Azeri.az İnternet qəzeti ölkənin tanınmış ruhanisi Hacı Abgül Suleymanovdan münasibət öyrənib.

Hacı Abgül ilk öncə son həbsləri pisləyərək deyib: "Əvvəlcə zindana din qeyrətinə görə həbsə düşən qardaşlarımıza salamımı çatdırıram. Bəli, bu yol Allah yoludur. Bu yol Peyğəmbərlər yoludur. Bu yol İmamət yoludur. Son qayıdış Allahadır. Biz Allah yolunda həm şəhid olmağa, həm də ömürlük zindanda qalmağa hazırıq. Biz başı nizədə saraya gedən İmam Huseynin (ə) balalarıyıq, biz zindanda şəhid olan İmam Museyi Kazimin (ə) balalarıyıq.

Bizim xalqımız Allaha bağlıdır. Bizim xalq ruhanilərə atılan böhtanlardan xəbərdardır. Xalqımız kor deyil, bəsirətlidir. Xalqı zülmə çəkən İsrail və ABŞ siyasətidir. Biz onların məkrlərindən xəbərdarıq. Hicab məsələsi yeni bir məsələ deyil. Əvvəl şahın dövründə İranda, sonra Türkiyədə, İndi isə Azərbaycanda. Türkiyə və İranda bu baş tutmayıb. Azərbaycanda da Allahın köməkliyi ilə baş tutmayacaq. Hicab qadağası aradan qaldırılacaq, Azərbaycan xalqı qalib gələcək".

Hacı Abgül Suleymanov Qarabağ məsələsinin təhlükədə olduğunu xatırladaraq deyib: "Bəziləri bəlkə də, dünyalarına görə müharibədən qorxur. Xüsusilə məmurlar. Lakin biz axirətimizə görə qorxuruq. Çünki Vətəni sevmək imandandır. Biz Qiyamətdə Vətənlə bağlı sorğu-suala nə cavab verərik? Hicab, məscid məsələləri Qarabağı unutdurmaq üçün ortaya atılan bir oyundur. Biz ruhanilərin hansı sözü iqtidarın xoşuna gəlmir? Biz deyirik ki, əgər işğalda olan torpaqlarımızı döyüşlə ala bilmirsinizsə, biz Qarabağı almaq üçün hazırıq. Biz Vətəni sevirik və əməlimizdə bunu isbat edə bilərik. Vətənin azadlığını siyasi maraqlarımıza görə deyil, imanımıza görə istəyirik. Mənim qardaşım Qarabağda şəhid olub. Mən bunu heç vaxt deməmişdim. Bir daha xatırladım ki, əgər hicab məsələsi həll edilməsə, Qurana əməl edənlər susmayacaqlar. Zillət bizdən uzaqdır".