31 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 4-cü çağırış Milli Məclisin (MM) qış sessiyasının dünən keçirilən son iclasında ilk dəfə çıxış edən bitərəf deputat Etibar Hüseynov orta məktəblərdə qadağan olunan hicab məsələsinə toxunub.

Təhsil Nazirliyinin məktəbli geyimləri ilə bağlı fəaliyyətindən danışan millət vəkili qeyd edib ki, bununla bağlı müvafiq iş aparılmalıdır. “Təhsil Nazirliyi orta məktəb şagirdləri üçün icazə verdiyi geyimlərdə hicabı nəzərə almalıdır. Hicaba icazə verməli idi. Bu məsələdə problem yaradılmamalıdır”- deyə E. Hüseynov vurğulayıb. Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov isə həmkarından fərqli olaraq Təhsil Nazirliyinin hicab məsələsilə bağlı məlum mövqeyini dəstəkləyib. S.Novruzov deyib ki, vahid məktəbli geyimi tətbiq olunursa, hamı buna əməl etməlidir. «Dərsdən sonra isə kim necə istəyirsə, o cür də geyinə bilər»- deyə, YAP rəsmisi fikirlərini tamamlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.