Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən ABŞ dövlət katibi Hillari Klintonun, Azərbaycan da daxil olmaqla, keçmiş sovet məkanında yerləşən 5 ölkəyə səfəri başa çatsa da, reaksiyalar gəlməkdədir. Qərb mətbuatı Klintonun Bakıya səfəri zamanı demokratiya barədə olduqca ehtiyatlı danışmasını və Azərbaycan hakimiyyəti ilə münasibətlərini düzəltmək üçün bu məsələni arxa plana keçirməsini şərh edir. Türkiyədə də ABŞ dövlət katibinin Sürix protokollarına dair İrəvandan verdiyi mesajlar və Klintonun “soyqırımı” abidəsini ziyarət etməsi rezonansa səbəb olub.
Bildirilir ki, H.Klinton indiyədək İrəvandakı “soyqırımı” abidəsini ziyarət edən ən yüksək rütbəli Amerikalı rəsmidir. Buna baxmayaraq, rəsmi Ankara ziyarəti açıq şəkildə pisləməkdən çəkinir.
Xəbər verildiyi kimi, H.Klinton “soyqırımı” abidəsini iyulun 5-də səhər tezdən, İrəvandan Tiflisə yola düşməzdən əvvəl ziyarət edib. Bu ziyarət zamanı ABŞ dövlət katibi jurnalistlərin onu müşayiət etməsini istəməyib. Nəticədə mətbuat ziyarətdən Klinton İrəvanı tərk edəndən sonra “soyqırımı” muzeyinin saytında yerləşdirilmiş məlumatdan və fotoşəkillərdən xəbər tutub. Bildirilir ki, iyulun 4-də axşam İrəvanda prezident Serj Sərkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlardan sonra Klinton gecələmək üçün otelə yerləşib. Səhər saatlarında isə o, “soyqırımı” abidəsini ziyarət etməyə yollanıb.
Klintonun “soyqırımı” abidəsini ziyarət etməsi ortaya çıxandan sonra ABŞ-ın İrəvandakı səfirliyi açıqlama yayaraq bildirib ki, dövlət katibi abidəyə “özəl” ziyarət həyata keçirib. Lakin Klintonun abidənin üzərinə qoyduğu çələngdə “ABŞ dövlət katibi” sözləri yer aldığı üçün “özəl” ifadəsi Türkiyə ictimaiyyətinin narahatlığını azaltmağa kifayət etməyib. H.Klinton səfər zamanı abidəni ziyarət etməsi üçün erməni lobbisi ona təsir göstərməyə çalışıb. Amerika Erməni Milli Komitəsi bəyan edib ki, dövlət katibi səfəri zamanı abidəni ziyarət etməli və ABŞ-ın 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıdığını bildirməlidir. Məlum olduğu kimi, H.Klinton senator olarkən erməni dəstək qrupunda yer alıb və “soyqırım”ın Konqresdə tanınması üçün dəstək verib. Həmçinin o, prezidentliyə namizəd kimi seçki kampaniyasında “soyqırımı” tanıyacağına dair vəd vermişdi.
Klintonun “soyqırımı” abidəsinə baş çəkməsi Türkiyə ictimaiyyətində narahatlıq doğursa da, rəsmi Ankara buna etiraz bildirmir. “Milliyət” qəzetinin xəbərinə görə, Xarici İşlər Nazirliyində qərara alınıb ki, ziyarətə “rəsmi və açıq” etiraz bildirilməsin. Həmçinin XİN-dən bu barədə hər hansı açıqlamanın verilməməsi qərara alınıb. Nazirliyin adı açıqlanmayan diplomatı bildirib ki, Klintonun abidəni ziyarət etməsinə rəsmi Ankaranın etiraz etməsi daha çox erməni lobbisinin işinə yarayardı. “Biz bu etirazı bildirib onların istəyini gerçəkləşdirmək istəmirik. Abidəni ziyarətə görə Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsi ancaq erməni lobbisinin işinə yarayar”.
Xatırladaq ki, H.Klinton İrəvanda olarkən Türkiyəni Sürix protokollarını ratifikasiya etməyə də çağırıb. Bu zaman ABŞ dövlət katibi Ermənistanın protokollara münasibətdə davranışını tərifləyib. Bildirib ki, erməni tərəfi üzərinə düşəni yerinə yetirib və top Türkiyə tərəfindədir. Bu mesajlara da rəsmi Ankara reaksiya vermir. ABŞ dövlət katibinin Qarabağ məsələsində Ermənistan tərəfinə hər hansı təzyiq göstərmədiyi də Türkiyə tərəfində məyusluqla qarşılanır. Xəbər verildiyi kimi, Klinton Bakı və İrəvanda olarkən tərəfləri sülhə çağıran bəyanatlar verib, ancaq onu da çatdırıb ki, Vaşinqton gündəmdə olan sülh planının qəbul edilməsinə ancaq dəstək verə bilər. Eyni zamanda ABŞ dövlət katibi Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına çağıran bəyanat da verməyib. Əslində ondan belə bəyanat gözləmək də düzgün deyildi və uzun illədir ABŞ Qarabağ münaqişəsində heç vaxt işğalçını öz adı ilə çağırmayıb. Lakin Klintonun Tiflisə səfəri zamanı bir daha ABŞ-ın işğal məsələsində də ikili standartlar tətbiq etdiyi görünüb. H.Klinton Gürcüstanla Rusiya arasında münasibətlər haqda önəmli bəyanatlar verərək Cənubi Osetiya və Abxaziyanı Rusiya tərəfindən işğal edilmiş ərazilər adlandırıb.
Klinton həmçinin Rusiyanı bu işğal edilmiş bölgələrdə qanunsuz hərbi bazalar yerləşdirməyə görə tənqid edib və deyib ki, Moskva 2008-ci ilin payızında Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına əməl etmir. H.Klintonun Rusiyanı işğalçı adlandırması Gürcüstan prezidenti Mixail Saakaşvilini xeyli məmnun edib. Onun sözlərinə görə, Klintonun səfəri və verdiyi mesajlar Rusiyanın Gürcüstanı təcrid etmək planlarını pozub.
Ekspertlər qeyd edirlər ki, dövlət katibinin Gürcüstanın ərazi bütövlüyünə bu cür birmənalı dəstəyi və Rusiyanı işğalçı adlandırması Vaşinqtonla Moskva arasında münasibətlərin istiləşməsi fonunda baş verir. ABŞ-da Obama administrasiyası Rusiya ilə münasibətlər naminə Gürcüstan və Ukraynanı qurban verməkdə günahlandırılırdı. İndi isə H.Klinton Tiflisdə nümayiş etdirir ki, Rusiya ilə münasibətlərin istiləşməsi önəmli olsa da, ABŞ Gürcüstanı müdafiə edir. Bu da təsadüfi deyil. ABŞ-ın Əfqanıstandakı qoşunları üçün əsas təchizat marşrutu hazırda Gürcüstan və Azərbaycan üzərindən keçir. Birləşmiş Ştatlar Qafqazın bu kiçik ölkəsinin önəmini yenidən dərk edərək onun bütünlüklə Rusiyanın nəzarətinə keçməsi təhlükəsinə qarşı çıxmağa başlayıb. Gürcüstan ərazilərinin işğalı planını hazırlayan Rusiya baş naziri Vladimir Putin isə Klintonun mesajlarına cavab verərək deyib ki, Tiflis problemin həllini kənarda yox, Cənubi Osetiya və Abxaziyada axtarmalıdır. “Kimsə hesab edir ki, bu ərazilər işğal olunub. Amma kimsə də hesab edir ki, bu ərazilər azad olunub. Biz bu müharibəni başlamamışıq. Baş verənlərə cavabı müharibəni başlayan tərəf verməlidir”. Putin əlavə edib ki, Rusiya və beynəlxalq ictimaiyyətin digər subyektləri ancaq tərəflər arasında anlaşmanın qarantı ola bilər.
F.MƏMMƏDOV