17 sentyabr 2010 - 19:30

Prezident İlham Əliyev dünən Bakıda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin mərkəzi qərargahının açılışında iştirak edərkən bu qurumun İdarə Heyətinin üzvləri ilə görüşüb.

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Azərbaycan dövlət başçısı çıxışında deyib: “İcmanın öz fəaliyyətini bu binada həyata keçirməsi müvəqqəti xarakter daşıyır. Dağlıq Qarabağ işğaldan azad olunandan sonra bu bölgəmizdə quruculuq işləri həyata keçiriləcək və icma da öz fəaliyyətini orada davam etdirəcək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bunu Dağlıq Qarabağın tarixi və toponimləri, mədəniyyəti, XX əsrin əvvəlinə aid xəritələr də təsdiq edir. Həmin xəritələrdə Stepanakert adında ərazi vahidi yoxdur”.

Dağlıq Qarabağ danışıqlarına toxunan prezident Azərbaycanın yenilənmiş Madrid prinsiplərini müəyyən istisnalar olmaqla qəbul etdiyini deyib: “Bu yaxınlarda 3 həmsədr ölkənin verdiyi bəyanat da Azərbaycanın mövqeyini əks etdirir. Əgər münaqişə bu prinsiplər əsasında həll olunmazsa, Azərbaycanın maraqları tam təmin olunacaq. Azərbaycan vətəndaşları Dağlıq Qarabağ və ətraf ərazilərə qayıdacaqlar. Azərbaycan əhalisinin sayı artmaqdadır. Bölgədəki demoqrafik vəziyyət qısa müddətdə bizim maraqlarımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Azərbaycanın və Ermənistanın inkişafı arasındakı fərq və xalqımızın iradəsi bizim mövqeyimizi əks etdirir.

Ermənistan rəhbər dairələrində belə bir fikir formalaşıb ki, danışıqlar 20 ildir davam edir, daha 10 il də davam etsin və ermənilər burda imitasiya ilə məşğul olsun. Onlar ümid edirlər ki, vaxt keçdikcə azərbaycanlılar bu torpaqları unudacaq, bu bölgə ilə heç bir bağlığı olmayan yeni nəsil dünyaya gələcək. Ermənilərin ağlı özünə getməsin, onlar öz vətənini unuda bilərlər, azərbaycanlılar, Azərbaycan xalqı və rəhbərlik üçün Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı qəbuledilməzdir və bu vəziyyətlə barışmayacağıq".