Diqqət etsək, İmam Əli (ə) bir tərəfdən ibadəti zərbülməsələ çevrilmiş və hamının tanıdığı abiddir. Əlbəttə, onun ibadəti təkcə "oturub-durmaq" deyil, büsbütün cazibə, eşq, göz yaşından ibarətdir. Həzrət Əli (ə) dünyasını gəyışdikdən sonra Zirar adlı bir kişi Müaviyə ilə rastlaşır. Müaviyə onun Əlinin (ə) səhabələrindən olduğunu bilirdi. Zirara müraciətlə deyir: -Əlinin (ə) hüzurunda olurdun, istəyirəm onun haqqında danışasan. Muaviyə həzrət Əlini (ə) hamıdan yaxşı tanıyırdı, ona qılınc çəkməsinə baxmayaraq daxilində həzrətin qeyri-adi şəxsiyyətinə hörmət bəsləyirdi. Bəşər belə bir varlıqdır. Şeytan, həzrət Adəmin (ə) üstünlüyünə inandığı halda, ona zərər yetirmək üçün əlindən gələn cinayəti edir. Müaviyə də belə idi. Zirar, həzrət Əlidə (ə) müşahidə etdiyi bir halı dilə gətirdi: -Bir gecə Əlini (ə) ibadət mehrabında gördüm. Mehrabda Allah qorxusundan ilan vurmuş kimi qıvrılır, qəm-qüssəyə qərq olmuş kimi ağlayır və deyirdi: "Aman, aman, cəhənnəm atəşindən!" Müaviyə doluxsunub ağladı. Müaviyə başqalarını da, o cümlədən Ədini ələ alıb həzrət Əliyə (ə) qarşı çevirmək istəyirdi. Ədiyə müraciətlə dedi: -Tərif, Türfə və Tarif necə oldu? Ədinin Tərif, Türfə və Tarif adlı üç öğlu var idi. Onların hər üçü Süffeyn müharibəsində Əlinin (ə) lehinə döyüşüb şəhid olmuşdular. Müaviyə istəyirdi ki, araya düşmənçilik salsın. O cavanları yada salmaqla atanın dərdini təzələmək, ondan Əlinin (ə) əleyhinə bir kəlmə söz qoparmaq istəyirdi. Ədi dedi: -Onlar Süffeyn döyüşündə Əli (ə) ilə çiyin-çiyinə döyüşüb öldürüldülər. Müaviyə inadından əl çəkməyib dedi: -Əli (ə) sənə qarşı insafsızlıq edib. Öz övladları Həsən və Hüseyni gizlədib, sənin uşaqlarını ölümə verib. Ədi dedi: -Mən Əli (ə) ilə insaflı rəftar etmədim. Əgər insaflı olsaydım o, torpaq altında olduğu halda mən sağ qalmazdım. Müaviyə oxunun daşa dəydiyini görüb dedi: -Ey Ədi! Ürəyim istəyir ki, Əli (ə) haqqında həqiqəti mənə deyəsən. Ədi həzrət Əli (ə) haqqında çox danışdı. Sonradan özü deyir ki, sözümün axrında Müaviyənin murdar göz yaşlarının saqqalına süzüldüyünü gördüm. Sonra paltarının qolu ilə göz yaşlarını silib dedi: -Zəmanə Əli (ə) kimisini bir də yetirməz! Baxın! Həqiqət bəllidir! Bu da Əlinin (ə) ibadəti! Əli (ə) təkcə mehrab əhli deyil, eyni zamanda ictimai fərd idi. O, bütün sahələrdə öncül olub. Xəlifə olduğu vaxt miskinlərin, yoxsulların, çarəsizlərin, şikayətçilərin dərdinə şərik olub, halını yanıb. Camaat arasında dolanar, onların problemlərini həll edərdi. Tacirlərə çatanda fəryad edərdi: "Əvvəl fiqh, sonra ticarət!” Yəni öncə ticarətə aid şəriət məsələrərini öyrənin, sonra qazanc arxasınca gedin. Əli (ə) buyurardı: “Tez ol, qalx! İzzətinin ardınca get!” Ayətullah Bürucerdi bu hədis barədə deyib: Bir yoxsul kişi dilənirdi. Onun görkəminə baxib bildi ki, işləmək imkanı olduğu halda dilənçiliyi özünə sənət seçib. Ona görə də ona nəsihət verdi. Sübh tezdən öz izzətinizin, şərəfinizin arxasınca gedin! Yəni iş, qazanc, ruzinizin arxasınca gedin! İnsanın öz qazancı varsa, məişətini təmin edə bilirsə, əzizdir. İşgüzarlıq şərəfdir. Nümunəvi müsəlman belədir: İbadətdə öncül, mühakimədə qazı, ədalətdən tükcə dönməyən adil hakim, döyüş meydanında əsgər, şücaətli sərkərdə! Özü buyururdu ki, gənc vaxtlarımdan döyüşürəm və döyüşdə təcrübə qazanmışam." Xitabət kürsüsündə oturanda birinci dərəcəli xətib, tədrisdə öncül müəllim idi. Bütün sahələrədə beləsinin məqamı zirvədir. İslamın kamil nümunəsi də məhz budur.