Əhl Beyt-ABNA-xəbər agentliyi Musavata istinadən: Alber Kamyunun “Taun vaxtı qonaqlıq” əsəri Azərbaycanın daşqın bölgəsi üçün ən yaxşı nümunədir. Minlərlə insan şiddətli istilərdə çadır şəhərciyi və məktəblərdə məskunlaşmaq məcburiyyətində qalıb. Hökumət isə “yay yuxusu”na gedib. Belə bir vaxtda hökumətin daşqınlardan zərərçəkmiş əhalini Zəngənə adlanan əraziyə köçürməklə bağlı planı isə camaatın böyük etirazına səbəb olub. Nəticədə Sabirabad rəhbərliyi son 4 il ərzində misli görünməmiş bir mitinqlə üzləşib. Rayon icra hakimiyyətinin binası qarşısına toplaşmış 3 minə yaxın kəndlinin öz evlərinə qayıtmaq tələbi müsbət nəticə verib. Əhali hökuməti öz planından vaz keçirməyə nail olub. Əsgərbəyli kəndinin nümayəndələri fövqəladə hallar naziri Kəmalədin Heydərovla görüşdən sonra məlum olub ki, onlar evlərinə qayıda biləcəklər. Maraqlıdır, bəs hökumətin əhalini Zəngənə ərazisinə köçürməkdə məqsədi nə imiş? Hökumət əhalini başqa yerə köçürməklə, su altında qalan kəndlərdə hansı planları cızmışdı? Hazırda fəlakət bölgəsində son durum necədir? Çadır şəhərciyində və məktəblərdə məskunlaşan kəndlilərin vəziyyəti nə yerdədir? Bu və digər suallara cavab tapmaq üçün Sabirabadda və rayonun su basmış kəndlərində olduq. Su basmış kəndlərdə çətənə plantasiyaları var? Qeyd edək ki, Zəngənə ucu-bucağı bilinməyən boş bir səhraya bənzəyir. Bu ərazidə özəlliklə yay aylarında ilanlar mələşir. Bu baxımdan əraziyə daxil olmaq olduqca qorxuludur və illərdir sözügedən ərazi istifadəsiz qalıb. Hökumət isə əhalini inandırmaq istəyirdi ki, Zəngənədə qəsəbə salınacaq və bütün kommunikasiya sistemi yaradılacaq. Ancaq kəndlilər hökumətin Zəngənə layihəsinin arxasında böyük biznes marağı olduğunu deyirlər. Belə ki, daşqından sonra Sabirabadın Muradbəyli, Qasımbəyli, Əsgərbəyli və Novruzlu kəndlərində geniş çətənə plantasiyaları əmələ gəldiyi düşünülür. Bundan əhalinin məlumatı olsa da, bu işə qarışmaq ixtiyarı yoxdur. Kənd camaatı iddia edir ki, onları Zəngənəyə köçürəndən sonra sel basmış kəndlərdə çətənə plantasiyalarının artırılması nəzərdə tutulurmuş. Bundan əlavə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu kəndlərdə balıq gölü layihəsi varmış. Nazirin Sarısu gölündə vətəgələrinin olması da buna bir isbatdır. Əhalinin etiraz aksiyası isə hökumətin bütün niyyətlərini alt-üst edib. Bunu bizə adının çəkilməsini istəməyən Muradbəyli kənd sakini söylədi: “ Biz RİH-nin binası önündə aksiya keçirəndə icra başçısı özü etiraf etdi ki, mənim nə isə etmək ixtiyarım yoxdur. Ancaq etirazımız öz bəhrəsini verdi və nazir evlərimizə qayıdacağımızı dedi. Hər şeyimizi itirmişik. Heç vaxt Zəngənəyə köçmək planı ilə razılaşa bilməzdik. Bizə kompensasiya verilsin və evlərimizi yenidən bərpa edək”. Hər kəndliyə Zəngənədə 12 sot topraq veriləcəyi bəyan olunubmuş. Sakinlər isə hektarlarla topraq sahələrini 12 sota dəyişməyi ağılsızlıq hesab edirlər. “Fövqəlnazir”lə kəndlilərin helikopterdə “səyahət”i... Kənd sakinləri bizə məlum aksiyadan sonrakı gəlişmə haqda ilginc bilgilər verdilər. Heç demə, 10 nəfərdən ibarət nümayəndə heyəti K.Heydərovla görüşdən sonra nazirə suyun hansı istiqamətlərdən buraxılması haqda tövsiyə veriblər. Beləliklə, 4 nəfər kənd ağsaqqalı nazirin helikopteri ilə su basmış kəndlərin üzərində dövrə vurublar. Onlar nazirə suyun kəndlərdən necə çəkilməsi yollarını izah ediblər. Bunu bizə danışan kəndli nazirin helikopterində “səyahət” edən şəxsin öz dilindən bunları eşidib: “ Nazirə bildirilib ki, təhlükə sovuşsa da, gələn il bundan daha betəri olacağı istisna deyil və Sabirabad az qala xəritədən silinə bilər. Nazir həmin 4 şəxsin tövsiyələrini dinləyib və deyilənlərin dəyərləndiriləcəyini deyib. Bu adamlar kəndin ağsaqqal adamlarıdır və suyun qarşısının necə alınmasını yaxşı bilirlər”. Sakinlər növbəti aksiya dalğasının gələcəyini istisna etmirlər. Hökumət əhaliyə verilən vədi yerinə yetirmədiyi təqdirdə növbəti yürüş Prezident Adminstrasiyasına doğru olacaq. Yeri gəlmişkən, Sabirabaddakı mitinqin əslində Bakıda keçirilməsi nəzərdə tutulubmuş. Lakin hökumət seçki ərəfəsində böyük ajiotajın qarşısını almaq üçün tədbirli tərpənib. İribuynuzlu heyvanlara görə 300 manatdan kompensasiya ödəniləcək Hazırda evləri su altında qalan əhalinin bir qismi Şirvan şəhərindəki çadır şəhərciyində, qalanı isə Sabirabadın “Nizami” və “Sabir” adına məktəblərində məskunlaşıblar. Onlarla söhbətimizdə öyrəndik ki, hökumət vədinə xilaf çıxarsa, daha böyük etiraz aksiyaları keçirəcəklər. Onlar məktəb siniflərində çətin şəraitdə yaşayırlar. Əsas narazılıq otaqlarda havasızlıq və su çatışmazlığındandır. Yaşlı kişilər məktəbin həyətində nərd, domino oynamaqla günlərini sayırlar. Əhalinin fikrincə, daşqın fəlakəti hökumət üçün göydəndüşmə olub. Çünki vəziyyətdən sui- istifadə edərək milyonlar mənimsənilir. Ancaq kəndlilər tələf olmuş mal-qaraya qoyulan kompensasiyanın məbləğindən razılıqlarını ifadə edirlər. Belə ki, bir qoyuna 100 manatdan, iribuynuzlu heyvanlara isə 300 manatdan kompensasiya ödəniləcək. “Sabir” adına məktəbdə qalan Qasımbəyli sakini böyük şairin şeirini ironik şəkildə təhrif edir: “Nazirlər helikopterdə gəzir, biz hələ avtomobil minməyiriz”. Məktəblərdə yaşayan əhali gələn ay evlərinə qayıdacaqlarına inamsızdırlar. Onları daha çox uşaqların yeni tədris ilində məktəbə getmək problemi narahat edir. Çünki Muradbəyli, Qasımbəyli kəndlərində məktəblər uçub. Adıçəkilən kəndlərə də getdik. Burda “lələ köçüb, yurdu qalıb”. Bəzi evlər qismən salamat qalıb və öz evlərinə qayıdanlar var. Ancaq su həyətlərdən tam çəkilməyib. Dadaşbəyli kəndinin bir tərəfi su altında, digər tərəfi isə xilas olub. Kənddə yerləşən məscidə giriş-çıxış üçün taxtadan yolötürücü quraşdırılıb. Hazırda sel təhlükəsi sovuşsa da, Şirvan və Sabirabadı birləşdirən körpünün uçmaq təhlükəsi hələ də qalır. Ağıryüklü maşınların hərəkəti nəticəsində körpü silkələnir. Sonda bir məqamı da vurğulayaq ki, Azərbaycanda M.Ə.Rəsulzadənin abidəsi təkcə Sabirabad RİH-nin binası qarşısında yerləşir. Rəhbərlik abidənin götürülməsinə cəhd etsə də, əhalinin və yerli müxalifət nümayəndələrinin dirənişi nəticəsində abidə qalıb. Emil SALAMOĞLU, Bakı-Sabirabad-Dadaşbəyli-Bakı