Moskva. “Rusiya “Dağlıq Qarabağ” adında hər hansı dövlət vahidini tanımır, bundan sonra da tanımağa hazırlaşmır. Rusiyalı parlamentarların ora getməsi isə özfəaliyyət və heç kimə lazım olmayan addımdır”.
Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə Rusiya Federasiya Şurasının sədri Sergey Mironov deyib.
O. Əsədovun başçılığı ilə Rusiyada səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edən S. Mironov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, parlament nümayəndələrinin həm ikitərəfli, həm də
beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Onun fikrincə, daimi dialoq və ölkə rəhbərlərinin, parlament nümayəndələrinin müntəzəm səfərləri dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verir. Federasiya Şurasının rəhbəri azərbaycanlı müharibə veteranlarının və prezident İlham Əliyevin qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını xatırladaraq bildirib ki, bu, iki xalq arasında münasibətlərin dərin tarixi köklərindən xəbər verir. S. Mironov Azərbaycana noyabrın 7-də keçiriləcək parlament seçkilərinin təşkilində uğurlar arzulayıb.
O. Əsədov da son 20 il ərzində iki ölkə arasında bütün sahələrdə dostluq münasibətlərinin yarandığını və qarşılıqlı anlayışın hökm sürdüyünü söyləyib. O, 2001-ci ildə Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında saziş imzalandığını, 2003-cü ildə isə parlamentlərarası komissiyanın yaradıldığını, bir neçə gün əvvəl bu komissiyanın 9-cu iclasının keçirildiyini
xatırladıb. O. Əsədov Azərbaycanda yaşayan müxtəlif xalqların və millətlərin dili, dini, mədəniyyəti və etnik özünəməxsusluğunun qorunması, inkişafı üçün çox iş görüldüyünü diqqətə çatdırıb: “Ölkənin bütün ali məktəblərində rus sektorları fəaliyyət göstərir, bir çox orta məktəbdə tədris rus dilində aparılır. Bu, Azərbaycanda rus dili və mədəniyyətinə verilən önəmi göstərir”.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, bu münaqişə bölgə ölkələrinin inkişafını əngəlləyən əsas faktordur. O. Əsədov ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın fəal səylərinin əhəmiyyətini qeyd edərək Rusiyanın bundan sonra da münaqişənin ədalətli həllinə çalışacağına ümidini ifadə edib. O, bəzi rusiyalı deputatların Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni izləməsinə Bakının münasibətini bir daha Rusiya tərəfinin diqqətinə çatdırıb.