Mövsüm Səmədov: "Birmənalı olaraq tələb edirik ki, separatçı rejim Dağlıq Qarabağdan çıxarılsın, tarixi və ata-baba torpaqlarından qaçqın düşmüş azərbaycanlılar da doğma yurd-yuvalarına qaytarılsınlar" 

 “Hər halda Azərbaycanın işğal olunmuş ərazisində ermənilərin seçki keçirmələrini qəti surətdə tənqid edirik. Bir mənalı olaraq tələb edirik ki, separatçı rejim Dağlıq Qarabağdan çıxarılsın, tarixi və ata-baba torpaqlarından qaçqın düşmüş azərbaycanlılar da doğma yurd-yuvalarına qaytarılsınlar” – bu sözləri Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov mayın 23-də Dağlıq Qarabağda keçirilən parlament seçkilərinə münasibət bildirərkən FaktXeber.com-a deyib. M.Səmədov hesab edir ki, işğal olunmuş torpaqlarda başda ABŞ olmaqla heç bir ölkənin ixtiyarı yoxdur ki, müşahidəçi göndərsin: “Bildiyimiz kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və digər Qərb dövlətləri Dağlıq Qarabağa müşahidəçi göndərib. Onların nə ixtiyarları var? Baş verənləri pisləyirik və ümid edirik ki, işğal olunmuş torpaqlar tezliklə azad olunacaq”.

ATƏT-in həmsədr ölkələri hələ də Qarabağı Azərbaycanın ərazisi kimi hesab etmirlər. Hətta BMT-nin sonuncu iclaslarında bu fikri gizlətməyiblər. Heç şübhəsiz Azərbaycan hökumətinə də münasib yollarla çatdırıblar – deyə M.Səmədov əlavə etdi: “Azərbaycan hökuməti bu məsələdə daha ciddi mövqe göstərməli idi. Biz də seçkilərlə əlaqədar daha geniş kompaniyanın başlayacağını gözləyirdik. Təəssüflər olsun ki, gözləntilər özünü doğrultmadı. Hesab edirik ki, bu məsələ ciddi müzakirələrə çevrilməli və ictimai təşkilatların münasibətləri aydınlaşmalıdır. Qarabağ münaqişəsinin həllində Minsk qrupuna etimad göstərməkdənsə, xalqa arxalanmaq daha məqsədə uyğundur”.

M.Səmədov Azərbaycanda keçirilən gözəllik müsabiqəsinə də toxundu: “Bildiyimiz kimi yüzlərlə azərbaycanlı qız-gəlin ermənilərin əsarətində inləyir. Belə bir vəziyyətdə ölkə ictimaiyyəti 23 may seçkilərini pisləmək əvəzinə, gözəllik müsabiqəsi keçirir. Təəssüf olsun ki, bir qrup əqidəsiz şəxsin tələbi və təşviqi ilə inancımızın əleyhinə olaraq, öz əlimizlə qızlarımızı soyundururuq. Azərbaycanda gözəllik müsabiqələri keçirməkdənsə, Qarabağ məsələsini nümayiş etdirmək daha uğurlu olardı”.