Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin yaşadığı evin mühafizəçisi olan Elşən Eyvazovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi sona çatıb. Hakim Rəsul Səfərov Yasamal Rayon Məhkəməsinin Elşən Eyvazov barəsində çıxardığı hökmünü qüvvəsində saxlayıb. Həmin hökmlə E.Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, E.Eyvazov 2009-cu il fevralın 11-də başına açılan atəşlə qətlə yetirilən Rail Rzayevin qətli ilə bağlı saxlanılıb. Qətldən 1 həftə sonra saxlanan E.Eyvazov 6 ay dəhşətli işgəncələrə məruz qalmaqla dindirilib. Sonda onun qətllə bağlılığı müəyyən olunmayıb. Bundan sonra prokurorluq onu narkotik vasitə əldə etmə, dələduzluq və saxta sənəd hazırlama ittihamları verərək, məhkəməyə təqdim edib. E.Eyvazov və onun vəkili Apelyasiya Məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar Ali Məhkəmənin də ədalətli qərar verəcəyinə inanmırlar.  Bu məhkəmə instansiyasını keçərək Avropa Məhkəməsinə müraciət etmək fikrindədirlər. E.Eyvazov barəsində bəraət hökmünün çıxarılması tələb edir.

 

E.QƏDİMOV