Azərbaycan hakimiyyətinin ötən ildən başlayaraq məscidləri bağlamaq və sökmək istiqamətində atdığı addımlar İranın mühafizəkar çevrələrinə ölkəmizlə bağlı planlarını həyata keçirmək üçün çoxdan gözlədikləri fürsət verib. Xəbər verildiyi kimi, ötən həftə İranın iki tanınmış din xadimi hakimiyyətin ünvanına olduqca sərt təhdidlərdən ibarət bəyanatla çıxış ediblər. Bakıdan bu hədələrə siyasi səviyyədə cavab verən olmayıb.
İran mənbələrində yer alan xəbərə görə, Azərbaycan hakimiyyəti bu ölkənin yüksək rütbəli din xadimlərinin hər həftə on minlərlə insanın iştirakı ilə təşkil olunan ənənəvi cümə namazları zamanı düşmən qismində təqdim etdikləri əsas hədəflərdən birinə çevrilib. İranda keçirilən cümə namazları zamanı adətən İsrail və ABŞ-a ölüm şüarları səslənirdi, xəbərlərə görə, indi ayətullahlar Azərbaycan iqtidarını da az qala bu sıraya aid edirlər.
Belə çıxışlardan biri də ötən cümə namazı zamanı ayətullah Zeyn-ül Abedin Qurbani tərəfindən edilib. Shomalnews.com adlı saytda yer alan xəbərə görə, din xadimi Azərbaycan hakimiyyəti və prezidenti haqqında kifayət qədər kəskin ifadələr işlədərək bildirib ki, Bakıdakı hakimiyyət “sionistlərin və vəhhabilərin” oyuncağına çevrilib. Prezident İlham Əliyevi Səddam Hüseyn və Məhəmməd Rza şahla müqayisə edən ayətullah bildirib ki, əgər Azərbaycan hakimiyyəti məscidlərə qarşı hücumları dayandırmasa, bu ölkə dindarlarını cihada çağıracaqlar. Xəbərdə deyilir ki, ayətullah bu xəbərdarlığını ultimatum formasında ifadə edib. “Mən Azərbaycan hakimiyyətinə ultimatum verirəm” - deyə o bildirib.
İranın din xadimlərini qəzəbləndirən hadisə Bakıda “Fatimeyi-Zəhra” məscidinin sökülməsi üçün qaldırılan məhkəmə iddiası və bu məsələ ətrafında neçə vaxtdır dindarlarla hökumət arasında yaranmış gərginlikdir. Ötən həftə iranlı ayətullahların təhdid dolu bəyanatlarının ardınca dövlət başçısı məscidlə bağlı qalmaqala müdaxilə edib və bu ibadət ocağının sökülməməsi barədə tapşırıq verib. Göstərişə əsasən, məscid dövlətin vəsaiti hesabına tikilib başa çatdırılacaq və Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcək. Həmçinin məscidin axundu da bu idarə tərəfindən təyin olunacaq.
Beləliklə, məscidlə bağlı gərginliyin həllini tapdığı haqda danışmaq olar. Ayətullah Qurbaninin çıxışı isə bu problemin həll edilməsi ilə eyni vaxta təsadüf edib. Bu baxımdan ayətullahın Bakıda problemin həll edildiyini eşitməzdən əvvəl bu cür çıxış etdiyi təxmin edilə bilər. Lakin təhlükəsizlik məsələləri üzrə məlumatlı ekspertlərin verdikləri məlumatlar, habelə digər mənbələrdən bizə çatan bilgilər onu göstərir ki, İranın mühafizəkar çevrələrinin Azərbaycan iqtidarına qarşı qəzəbi məscid məsələsinin həlli ilə aradan qalxmayacaq. Çünki qəzəbin kökü təkcə məscidlərlə bağlı mübahisəli qərarlar deyil, Azərbaycan hakimiyyətinin İsraillə ötən ildən bütün sahələrdə sürətlə inkişaf edən münasibətləridir.
Bildirilir ki, Azərbaycan hakimiyyətinin İsraillə getdikcə yaxınlaşan münasibətləri nəinki İranın mühafizəkar din xadimlərinin toplantılarında, eləcə də rəsmi qurumlarında, məsələn, təhlükəsizlik orqanlarında və kəşfiyyatında dəfələrlə detallı şəkildə müzakirə olunub. İranın xarici kəşfiyyat xidmətinin İsrailin Azərbaycanda güclənməsi ilə bağlı hesabat hazırlayaraq parlamentin təhlükəsizlik komitəsinə təqdim etdiyi haqda xəbər vermişdik. Həmin hesabatın məzmunu haqda geniş məlumat olmasa da, bildirilirdi ki, İran kəşfiyyatı İsrailin Azərbaycanda “casus yuvaları” qurduğunu iddia edir. Azərbaycanın müstəqilliyi, Qərblə münasibətləri, o cümlədən enerji məsələsində vaxtilə İranın maraqlarını təmin etməkdən boyun qaçırması Tehranda narahatlıq mənbəyi kimi yeni deyil.
Vaxtaşırı olaraq Azərbaycanın təhlükəsizlik qurumları İran tərəfindən planlaşdırılan səs-küylü aksiyaların qarşısını alır, rəsmi qurumlar səviyyəsində dəfələrlə İran Azərbaycanda stabilliyi pozmaq cəhdlərində günahlandırılıb. Buna baxmayaraq, yüksək siyasi səviyyədə münasibətlər məcrasından çıxmayıb və hər dəfə tərəflər mövcud gərginliyə baxmayaraq iki qonşu ölkə arasında normal əməkdaşlıq görüntüsü yaratmağa çalışıblar. Lakin İranın Azərbaycanla münasibətlərinə yaxından bələd olan mənbələr deyir ki, ötən il İsrail prezidenti Şimon Peresin Bakıya dəvət edilməsi və yüksək səviyyədə qarşılanması hər şeyi korladı.
Peresin Bakıya dəvət edilməsi ilə əlaqədar İranın rəsmi Bakıya bir neçə dəfə diplomatik kanallarla narahatlıq bildirməsi məlumdur. Həmçinin İranın yüksək nüfuzlu din xadimləri də Bakını bu dəvəti ləğv etməyə çağırıblar. İran Peresin səfərini əngəlləmək üçün bir neçə həftə ərzində bütün mümkün üsullardan istifadə edib, lakin Azərbaycan tərəfi bu təzyiqlər qarşısında geri çəkilməyib və İsrail prezidentini yüksək səviyyədə qəbul edərək yəhudi dövləti ilə, o cümlədən hərbi sahədə bir sıra mühüm anlaşmalara imza atıb.
Lakin Azərbaycanın İsraillə münasibətlərinin inkişafı bununla məhdudlaşmayıb. Ardınca xarici işlər naziri, İrana qarşı radikal mövqeyi ilə tanınan Aviqdor Liberman Bakıya səfər edib, onunla təxminən eyni günlərdə keçmiş baş nazir, 2008-ci ildə Qəzza bölməsində keçirilən qanlı əməliyyatlara göstəriş verən Ehud Olmert müəmmalı missiya ilə Bakıda olub. Tərəflər razılaşdırıblar ki, Azərbaycandan da il ərzində yüksək rütbəli rəsmilərdən ibarət heyətlər İsrailə səfər etsinlər. Bu razılaşma əsasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun aprel ayında İsrailə səfəri planlaşdırılıb. İsrail tərəfi “fövqəlnazir” üçün elə onun öz statusuna uyğun yüksək səviyyəli proqram hazırlayıb, planlaşdırılıb ki, Heydərov İsrailin xüsusi xidmət və təhlükəsizlik qurumlarının rəhbərləri, habelə xarici işlər naziri ilə görüşsün. Heydərovun səfərinə hazırlıq faktiki olaraq məxfi aparılıb, lakin bu barədə məlumat İsrailin xüsusi xidmət orqanlarında mənbələrə malik olan portallardan birində yayılan kimi səfər qeyri-müəyyən səbəblərdən təxirə salınıb.
Belə məlumat var ki, K.Heydərovun səfərinin təxirə salınması da İrandan gələn qəzəbli reaksiyalarla bağlı olub. Fövqəladə hallar naziri Azərbaycan iqtidarında kifayət qədər nüfuzlu şəxsdir. Belə görünür ki, rəsmi Bakı İrandan daxil olan qəzəbli reaksiyaları görərək bu cür yüksək rütbəli şəxsin İsrailə ezam edilməsini dayandırıb, onun əvəzində hökumətin xeyli aşağı ranqlı məmuru, diaspor naziri Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti may ayında İsrailə səfər edib, orada Heydər Əliyevin abidəsinin açılışı olub.
Yeri gəlmişkən, İsraildə H.Əliyevə abidə qoyulması faktı da yəhudi dövləti ilə Azərbaycan iqtidarı arasında münasibətlərin nə dərəcədə istiləşdiyini göstərir. Həmçinin bu günlərdə xarici işlər nazirinin müavini Araz Əzimov İsrailə “səssiz-səmirsiz” səfər edib. Onun prezidentin xüsusi səlahiyyətli nümayəndəsi kimi İsrailə göndərildiyi haqda yəhudi qaynaqlarında məlumatlar var. Bütün bu get-gəllərin fonunda İranın İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” korpusu tərəfindən maliyyələşdirildiyi bildirilən “Səhər” telekanalı Azərbaycan hakimiyyəti və rəhbərliyi haqda təhqiredici formada təbliğat aparıb. Bu təbliğat davam etməkdədir.
Əslində Azərbaycan və onun hakimiyyəti İsraillə sıx münasibətlər qurmağa haqq qazandırmaq üçün kifayət qədər tutarlı səbəblər tapa bilər. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, işğal edilmiş ərazilərini geri qaytarmaq üçün həm hərbi baxımdan qüdrətini artırmaq, həm də beynəlxalq səviyyədə diplomatik və siyasi dəstək əldə etmək məcburiyyətindədir. İsrail dünyanın ən inkişaf etmiş hərbi sənaye kompleksinə malik ölkələrindən biri kimi Azərbaycanın olduqca əlverişli tərəfdaşı sayıla bilər. Sirr deyil ki, Azərbaycan öz ordusunu gücləndirmək üçün İsraildən son illər müasir texnologiyalarla hazırlanan silah və hərbi texnika alır. Digər tərəfdən, dünyada yəhudi lobbisinin gücü hər kəsə məlumdur və Azərbaycan İsraillə yaxın münasibətlər qurmaqla bu lobbinin dəstəyini təmin etmək istəyir.
Lakin Azərbaycan uzun illərdir İsraillə münasibətlərdə həmişə ehtiyatlı davranıb və İranı qəzəbləndirəcək addımlardan çəkinib. Keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dövründə bu məsələdə balans çox həssas şəkildə qorunub. Ancaq 1997-ci ildə İsrailin o vaxtkı və indiki baş naziri Benyamin Netanyahu Uzaq Şərqdən səfərdən qayıdarkən Bakıda iki saatlıq yolüstü dayanması və H. Əliyevlə qeyri-formal görüşü dərhal Tehranda qəzəb doğurmuşdu. İranın rəsmi dövlət radiosu “Azərbaycan hakimiyyətinin təhlükəli oyun oynadığı” haqda xəbərdarlıq edərək, bu əlaqələrin davam edəcəyi halda “Bakını sionistlərlə əlaqəni kəsməyə məcbur edən addımlar” atılacağını bildirmişdi. Lakin o vaxt Bakı İsraillə münasibətlərdə irəli getməyərək balansı saxladı və Tehranın təhdidləri dayandı.
Ancaq yəhudi dövləti ilə sürətlənən ilişkilər bu balansı dəyişdirib və İranı qəzəbləndirən xüsusatlar ortaya çıxıb. Hakimiyyətin Bakıda inşa edilməkdə olan “Fatimeyi-Zəhra” məscidini sökmək cəhdi isə İranın mühafizəkar çevrələrinə bu qəzəbi açıq ifadə etmək üçün əla fürsət yaradıb.
Bildirilir ki, hakimiyyət rəhbərliyi İsraillə münasibətləri gücləndirmək kursu götürəndə İranın buna reaksiyasının sərt olacağını nəzərə alırdı və ona görə də Tehranın mümkün təzyiq rıçaqlarını neytrallaşdırmaq yönündə planlar düşünülmüşdü. Ancaq belə məlum olur ki, reaksiya hakimiyyətin gözlədiyindən də sərt olub və təhdidlər kifayət qədər ciddi xarakter alıb. Belə vəziyyətdə iki yol ola bilər: ya İsraillə münasibətləri yenidən “dondurmaq” və İranı sakitləşdirəcək addımlar atmaq, ya da yola davam etmək.
İkinci variantda İranın hücumlarının daha da artacağı qaçılmaz olacaq. Lakin məlumatlar var ki, İsrail çevrələri Azərbaycan iqtidarına məhz ikinci istiqaməti tövsiyə edərək, İran təhlükəsinə qarşı müdafiə vəd edir. İsrailin diplomatik və xüsusi xidmət çevrələrində mötəbər qaynaqlara malik olan “İzRus” portalında yer alan xəbərə görə, İrandan gələn son təhdidlər yəhudi dövlətinin Azərbaycan və MDB ölkələri ilə münasibətlərə cavabdeh olan çevrələrində diqqətlə izlənilir. Bir gün əvvəl İsrailin dövlət strukturlarından birinin yüksək səlahiyyətli şəxsi sözügedən mənbəyə bildirib ki, Tehrandan gələn təzyiqlər və hücumlar Azərbaycanın İsraillə daha da yaxınlaşmasına gətirib çıxaracaq. “İndi İsrail və Azərbaycan İranın açıq şəkildə təhdid etdiyi yeganə iki ölkədir. Tehrandakı rejim Azərbaycanı məcbur edir ki, ümumi təhlükəyə qarşı İsraillə birləşsin” deyə, mənbə bildirib. İsrail rəsmisi onu da deyib ki, Cənubi Qafqazdakı beynəlxalq oyunçulardan İran təhlükəsinə qarşı ancaq İsrail və ABŞ dayana bilər.
Lakin ABŞ-ın qlobal maraqları var və Cənubi Qafqazla bağlı siyasətində heç də Azərbaycanın maraqlarını əsas götürmür. İsrailin isə qlobal maraqları yoxdur və İran təhlükəsinə qarşı Azərbaycanı müdafiə edə bilər.