3 noyabr 2026 - 10:17
Dünya mətbuatında 3 noyabr seçkilərindən sonra ABŞ və İsrailin İrana genişmiqyaslı müharibəyə başlayacağından yazılır. Bəs bu olacaqmı?

Tramp İranın ya onunla razılaşacağına, ya da darmadağın ediləcəyinə dair bəyanatlar verir. Netanyahu da müharibəni yenidən başlamağa hazır olduğunu tez-tez vurğulayır...

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Son günlər bütün mətbuat 3 noyabr seçkilərindən sonra ABŞ-ın İsraillə birlikdə İrana qarşı genişmiqyaslı müharibəyə başlayacağından yazır. Əslində buna inanmaq üçün kifayət qədər əsaslar verilib: Qərbi Asiya regionu ölkələrində ABŞ-ın diplomatik və sair nümayəndələri minimuma endirilib, ABŞ vətəndaşlarının regiona səfərləri tövsiyə edilməyib, Ərəb dənizinə əlavə 1 AZQ və 1 desant gəmilər qrupu göndərilib, İsrailə əlavə 2, Körfəz ölkələrinə də əlavə 2 "Patriot" sistemi, "Patriot" və THAAD HHM sistemləri üçün əlavə raketlər, əlavə aviatankerlər və s. hərbi sursat və ləvazimatlar göndərilib. Mətbuata dünyanın ən ağır bombası MOAB-dan istifadə ediləcəyinə dair informasiya sızdırılıb. Tramp İranın ya onunla razılaşacağına, ya da darmadağın ediləcəyinə dair bəyanatlar verir. Netanyahu da müharibəni yenidən başlamağa hazır olduğunu tez-tez vurğulayır.

Lakin bütün bunlara baxmayaraq, mən İranla yenidən genişmiqyaslı müharibənin başlanma ehtimalını çox cüzi hesab edirəm. Yəni məntiqlə bu müharibə olmamalıdır. Cüzi ehtimalı ona görə saxlayıram ki, Tramp çox vaxt məntiqsiz hərəkət edir. Mən işin məntiqi tərəfini izah edəcəm, məntiqsiz tərəfini isə heç kim izah edə bilməz.

İsrailin müharibəyə qoşulması mümkün deyil. Səbəbləri barədə artıq yazmışam: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4434953926820684 və https://www.facebook.com/asif.shafaggatov.3/posts/4435526306763446

O vaxtdan İsrailin vəziyyəti çox da dəyişməyib: 2 əlavə "Patriot" və müdafiə raketləri alıb. Lakin "Patriot"ların hücum raketlərindən necə "effektiv" müdafiə etdiyini 40 günlük müharibədə və husilərin Səudilərə zərbəsində görmüşük. Bundan başqa "Patriot"un FİƏ-si hətta 90% də olsaydı, regiondakı radarları itirəndən sonra onun FİƏ-si 10%-ə düşməlidir. 40 günlük müharibədən keçən müddət ərzində isə ABŞ regionda radar bərpa etməyib, əksinə əlavə radarlar itirib. Yuxarıda qeyd etdiyim postları mən iyulda yazmışdım. O vaxtdan İsraildə ABŞ-ın nəqliyyat və yanacaqdoldurma təyyarələri daha da artıb. Yəni İsrail müharibəyə qoşulsa və ya ABŞ hücumda İsrail ərazisindən istifadə etsə, İranın ilk zərbələri məhz bu nəhəng təyyarələrin yerləşdiyi bazalara olacaq. ABŞ belə bahalı aktivlərini risk altına qoyarmı?

Buna görə də İsrailin İrana hücumda iştirakını mümkünsüz sayıram. O İranla müharibə başlayarsa, fürsətdən istifadə edib, "Hizbullah"a qarşı hücumları intensivləşdirə bilər.

ABŞ-da vəziyyət daha pisdir. Trampın yalnız 4 noyabrdan 20 yanvaradək İranla müharibə "pəncərəsi" var. 20 yanvarda Konqresin azı aşağı palatası demokratların əlində olacaq. Onlar İran müharibəsini davam etdirməyə imkan verməyəcəklər – bu artıq şübhəsizdir. Ona görə yox ki, daha humanistdirlər, ona görə ki, Trampdan fərqli olaraq onlar üçün məhv edilməli 1-ci hədəf İran yox, Rusiyadır. ABŞ-ın 2 müharibəyə maliyyə-hərbi resursu çatmır. Buna görə seçim edilməlidir. Tramp İranı seçmişdi. Demokratlar isə Londonun sifarişi ilə Rusiyanı seçiblər. Bu səbəbdən onlar İranla müharibəni təxirə salmalıdırlar.

İndi isə "pəncərə" müddətindəki vəziyyəti araşdıraq.

ABŞ-da yeni maliyyə ili 1 oktyabrdan başlayır. Bu gün noyabrın 1-dir, lakin bu ilin büdcəsi hələ təsdiq olunmayıb. Demokratlar büdcənin təsdiq olunmasına imkan vermədilər. Niyə? Çünki onların – ən vacibi – hərbi xərclərin bölgüsündə başqa planları var. Büdcədə hərbi xərclər bir maddə ilə yox, onun təyinatı üzrə açıqlamaları ilə bənd-bənd təsdiqlənir. Konqresdə lobbiçilik dava-qırğını da məhz bu bəndlər üstündə gedir. Demokratlar xərclərin İran müharibəsinə, İsrailə hərbi yardıma, Trampın və Maskın şübhəli layihələrinə yönəlməsini istəmirlər. Onlar Ukraynaya $1 milyarda yaxın hərbi yardım ayrılmasını, ABŞ qoşunlarının Avropada qalmasını və artırılmasını, Avropada hücum raketlərinin yerləşdirilməsini, NATO layihələrinin ixtisar edilməməsini istəyirlər.

İndiki Nümayəndələr Palatasında demokratlar istədikləri büdcə layihəsini qəbul etdirə bilməzlər, çünki azlıqdadırlar. Lakin Trampın büdcə layihəsinin keçməsini bloklaya bilən səs sayını təmin edə bilirlər. Büdcə qəbul edilmirsə, hökumətin fəaliyyətinin dayandırılmaması üçün Konqres müvəqqəti qətnamə (Continuing Resolution – CR) qəbul edə, CR-ın müddəti bitdikdə yeni büdcə qəbul olunanadək onu bir neçə dəfə uzada bilər. Tərəflər (respublikaçılar və demokratlar) CR-la bağlı razılığa gələ bilməsələr, avtomatik şatdaun (hökumətin fəaliyyətinin minimuma endirilməsi) elan olunur. Keçən il məhz bu baş vermiş və ABŞ tarixində ən uzun şatdaun (43 gün) olmuşdu. Keçən il nə demokratlar, nə də respublikaçılar CR istəmədilər, çünki hər tərəf şatdaundan öz xeyri üçün istifadə edəcəyini düşünürdü https://www.facebook.com/asif.shafaggatov.3/posts/4138087193174027

Şatdaun demokratların xeyrinə oldu. Sonrakı rəy sorğusuna görə, əhali şatdauna görə daha çox respublikaçıları günahlandırdı, demokratların reytinqi şatdaundan sonra artdı. Bu il demokratlar büdcə layihəsini qəbul etməsələr də, hər iki tərəf CR-ı qəbul etməyə razılaşdı. Çünki tərəflər seçki öncəsi hökumətin fəaliyyətinin iflic edilməsində günahlandırılacağı və buna görə səs itirəcəyindən ehtiyat edirdi. Beləliklə, sentyabrda CR qəbul edildi – 11 dekabradək. Həmin tarixədək tərəflər büdcə üzrə danışıqlar aparmalı və razılığa gəlməlidirlər. Mənə elə gəlir ki, razılığa gəlməyəcəklər və CR-ın müddəti artırılacaq. Niyə?

Dekabrda hələ köhnə Konqres qüvvədə olacaq – onda isə demokratlar azlıqdadırlar, yəni istədikləri layihəni qəbul etdirə bilməyəcəklər. 20 yanvardan sonra Konqres yeni heyətdə toplaşacaq – onda demokratlar çoxluq təşkil etməli, spiker də demokratlardan olmalıdır. Aydındır ki, demokratlar büdcəni yeni heyətlə qəbul etməyə üstünlük verəcəklər.

Beləliklə, hazırda hökumət CR üzrə maliyyələşir. Bu isə o deməkdir ki, dövlət qurumları əvvəlki maliyyə ilinin (bu halda 2026-cı ilin) büdcə səviyyələrinə uyğun olaraq maliyyələşdirilir. Yəni oktyabr-dekabr aylarında hökumət 2025-ci ilin oktyabr-dekabr ayları həddində maliyyələşdirilir.

2026-cı ilin hərbi büdcəsi $890,6 milyard təsdiq olunmuşdu. 2027-ci il üçün Tramp $1,5 trilyon istəyir. Bu o deməkdir ki, bu il üçün CR çərçivəsində aylıq maliyyələşdirmə Trampın nəzərdə tutduğundan ~40% aşağı olacaq. Pentaqon İranla müharibədə tükətdiyi raket ehtiyatını bərpa etmək üçün may ayından bir neçə də Konqresdən $250 milyard əlavə vəsait ayrılmasını xahiş edib. Bu vəsaiti nəzərə alaraq, hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlayıb. Lakin keçən büdcə ilində Konqres bu xahişi təmin etmədi – demokratlar imkan vermədilər. Buna görə də Pentaqonun hərbi-sənayeyə sifarişi də "asılı" vəziyyətdə qalıb. Yəni Pentaqonun kifayət qədər raket toplaması böyük sual altındadır.

İranla genişmiqyaslı müharibəyə isə milyardlarla vəsait lazımdır. Belə çıxır ki, müharibə aparmaq üçün Pentaqonun maliyyəsi yoxdur.

Bu məsələnin maliyyə tərəfidir. Keçək məsələnin təşkilati tərəfinə.

Artıq məlumdur ki, yeni Konqres Tramdan qisas alacaq. Trampa gücləri çatmasa belə onun kabinetini iflic edəcəklər. Trampı nəzərə almasaq, onların birinci hədəfi müharibə naziri Pit Heqset olacaq. Heqseti Konqresdən icazəsiz İranla müharibəyə başlamaqda, Karib dənizində 80-dən artıq insanı guya narkotika daşıdıqlarına görə öldürməkdə (https://www.facebook.com/reel/1566159754373829), ABŞ-ın strateji bazalarına ağır ziyan vurmaqda, ABŞ əsgərlərinin ölümünə və xəsarət almasına səbəb olmaqda, müharibə cinayətlərində günahlandırmaqla impiçment, sonra da həbs etmək istəyirlər. Bu məsələdə bir neçə respublikaçı konqresmen də demokratlarla həmrəydir. Respublikaçı konqresmen Tomas Massinin Heqseti istefaya göndərmək üçün yeni Konqresi gözləmək fikri yoxdur. Hazırda seçki tətilində olan Konqres 9 noyabrda fəaliyyətinə başlayacaq. Massi elə ilk iclasda bu məsələni gündəliyə salacağına söz verib.

O özü Konqresin yeni heyətində olmayacaq – Trampın İran siyasətini tənqid etdiyinə görə Tramp onun "praymeriz"də seçilməməsi üçün əlindən gələni etdi, AIPAC rekord səviyyədə pul xərclədi https://www.facebook.com/asif.shafaggatov.3/posts/4381887865460624

Demokratlar Heqseti nümunəvi qaydada cəzalandırmalıdırlar ki, digər nazirlər və növbəti müharibə naziri gücün kimdə olduğunu başa düşsünlər. Yəni Heqset artıq qurban seçilib – əslində düz də seçilib, məqsədləri başqa olsa da. Heqset də bunu yaxşı bilir. Belə olan halda o yenidən İran avantürasına gedərmi? Əgər güc balansı Trampdan Konqresə keçəcəksə, Heqset Trampın əmrinə əməl edəcəkmi?

Heqset başa düşür ki, Tramp onu qoruya bilməyəcək. Buna görə də özünü həbsdən sığortalamaq istəyir. Bunun isə bir yolu var – Konqresin üzvü olmaq. Heqset konqresmen ola bilməz, bunun üçün o, seçkilərdə iştirak etməlidir – bu mümkün deyil. Lakin senator ola bilər. Məsələ burasındadır ki, Senata seçkilər federal qanunlarla deyil, ştat qanunları ilə tənzimlənir. Bəzi ştatlarda senatorlar seçilir, bəzilərində isə qubernator tərəfindən təyin olunurlar. Heqset Minnesota ştatında doğulub, lakin 2022-ci ildə ailəsi ilə birlikdə Tennesi ştatının Neşvil şəhərinə köçüb. Hazırda Vaşinqtonda yaşasa da formal olaraq Tennesi ştatından sayılır, rançosunu orada saxlayıb. O, bu ştatdan senator olmağı planlaşdırır. Necə?

Bütün ştatlardakı kimi Tennesinin də 2 senatoru var. Senator yeri boşalanda həmin yeri doldurmaq üçün, yerli qanunvericilikdən asılı olaraq, ya növbədənkənar seçki keçirilir, ya da qubernator yenisini təyin edir. Tennesi ştatından boşalan senator yeri yoxdur, lakin boşalması gözlənilir. Noyabrın 3-də Tennesidə qubernator seçkiləri də keçiriləcək və hazırkı senatorlardan biri – Marşa Blekbörn qubernatorluğa əsas namizəddir. Blekbörn qubernator seçilərsə, o, Senatdakı yerindən istefa verməli olacaq. Bu halda onun senator yeri rəsmən boşalacaq. Bu ştatda senator təyin olunur. İndi Blekbörn qubernator olarsa, Heqseti senator təyin etməsi barədə danışıqlar gedir. Senator olarsa, Heqset impiçmenti gözləmədən özü istefa verəcək və immunitet qazanacaq.

Bəs Heqset "aradan çıxarsa", generallar müharibə məsuliyyətini öz üzərlərinə götürərlərmi? Axı Konqres onları da dinləmələrə cəlb edəcək, fəaliyyətlərini araşdıracaq. Demokratlar İran müharibəsində ABŞ-a dəyən zərər, ölən və yaralananlar haqda Pentaqonun verdiyi məlumatlara inanmır və yeni tərkibdə bunları ciddi şəkildə araşdıracaqlarını vəd ediblər. Çox güman ki, generallar Trampın İranla müharibə ilə bağlı növbəti əmrlərini ya sabotaj edəcək, ya yazılı və birmənalı anlaşılan əmr istəyəcəklər, ya da istefa verəcəklər. Xüsusən də, ona görə ki, növbəti müharibə ABŞ-a 40 günlük müharibədən də baha başa gələ bilər...

ABŞ gəmilərinin və hərbi resurslarının Yaxın Şərqə toplanması isə blef ola bilər – axı blefin alınması üçün o inandırıcı görünməlidir. Həm də bu qüvvələr husilərə qarşı istifadə oluna bilər. Bu haqda yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4528194120829997

İranla gizli razılaşma ehtimalı da var, amma bu haqda sonra yazaram.

Yazar Asif Şəfəqqətov.

Sizin rəyiniz

You are replying to: .
captcha