Əhli-Beyt(ə) Beynəlxalq Xəbər Agentliyi – ABNA-nın məlumatına görə, Əfqanıstan Azadlıq Cəbhəsi bildirib ki, Nuristan vilayətinin Kamdeş rayonunda və Kunar vilayətinin Nari rayonunda Taliban qüvvələri ilə baş verən son toqquşmalarda 37 Taliban üzvü öldürülüb, 24 nəfər isə yaralanıb.
Bu cəbhə bazar günü axşam yaydığı bəyanatda bu iki rayonda bir neçə kəndin və Talibanın bir sıra postlarının öz qüvvələri tərəfindən ələ keçirildiyini iddia edib.
Əfqanıstan Azadlıq Cəbhəsi Taliban tərəfindən öz qüvvələrinin saxlanıldığını təkzib edib və bu qruplaşmanın təbliğat aparatını saxta xəbərlər və Nuristanın mülki əhalisindən, sərnişinlərindən və daxili turistlərindən məcburiyyət yolu ilə hazırlanmış videolar yaymaqla, döyüş meydanındakı məğlubiyyətlərini gizlətməyə və ictimai rəyi yayındırmağa çalışmaqda ittiham edib.
Bu cəbhə vurğulayıb ki, onun Əfqanıstanın şərqindəki qüvvələri əsasən əməliyyat bölgələrini dəqiq tanıyan yerli və bölgə gənclərindən ibarətdir.
Bu qrupun bildirdiyinə görə, toqquşma ötən gün səhər Talibanın piyada qüvvələri və pilotsuz uçuş aparatlarının hücumu ilə başlayıb və onun qüvvələri azad edilmiş kəndlərdə və ərazilərdə öz istehkamlarını hələ də qoruyub saxlayırlar. Bununla belə, onlar bəzi həssas postlardan müvəqqəti olaraq geri çəkiliblər.
Bunun qarşılığında Talibanın Müdafiə Nazirliyi bu toqquşmanı təsdiqləyib, lakin iştirak edən şəxsləri “daişçi fitnəkarlar, şər və fəsad ünsürləri” adlandırıb və onların Pakistandan Əfqanıstana daxil olduqlarını iddia edib.
Taliban 28 nəfərin öldürüldüyünü və 32 nəfərin saxlanıldığını açıqlayıb və saxlanılan şəxslərin Pakistandan daxil olduqlarını etiraf etdikləri videolar yayıb.
Həmçinin bu şəxslərin Nuristanın mərkəzi Parun şəhərində hərbi yük maşını ilə gəzdirilməsini əks etdirən görüntülər yayımlanıb.
Müstəqil mənbələr hələ də saxlanılan şəxslərin kimliyini və etiraf videolarının doğruluğunu təsdiqləməyiblər.
Bu toqquşma son beş il ərzində Əfqanıstan Azadlıq Cəbhəsi ilə Taliban arasında baş verən ən şiddətli qarşıdurmalardan biri hesab olunur.
Sizin rəyiniz