Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amos Harel İsrail rejiminin uzunmüddətli müharibəsinin və Benyamin Netanyahunun siyasətinin müxtəlif aspektlərini araşdırdığı məqaləsində xəbərdarlıq edib ki, müharibənin uzanması nəinki təhlükəsizlik və hərbi problemləri azaltmayıb, əksinə, ordunun missiyalarının genişlənməsinə, ehtiyat qüvvələrə təzyiqin artmasına və ağır iqtisadi xərclərin yaranmasına səbəb olub.
Harel hesab edir ki, Netanyahu müharibə və fövqəladə vəziyyəti davam etdirməklə sonsuz müharibəni siyasi zəiflikdən öz mövqeyini qorumaq vasitəsinə çevirib.
Amos Harel hazırkı müharibənin İsrail rejiminin tarixində ən uzunmüddətli müharibə olduğunu qeyd edərək yazıb ki, bu müharibə David Ben-Qurionun İsrail rejimi üçün müəyyən etdiyi təhlükəsizlik doktrinasının prinsipləri ilə ziddiyyət təşkil edir.
Onun sözlərinə görə, Netanyahu hələ də “qələbə”dən danışdığı halda, son aylarda onun siyasi ritorikasında hətta “mütləq qələbə” anlayışı da əvvəlki qədər görünmür.
Harel həmçinin iddia edib ki, Netanyahu müharibənin davam etdirilməsindən İsrail ərazilərində fövqəladə vəziyyəti qorumaq, ictimaiyyətin diqqətini 7 oktyabr əməliyyatına gətirib çıxaran amillərdən yayındırmaq və təhlükəsizlik sahəsindəki uğursuzluqların məsuliyyətini ordu və Şabak komandirlərinin üzərinə yönəltmək üçün istifadə edir.
Harel əlavə edib ki, Netanyahunun siyasi mövqeyini qorumaq məqsədilə müharibəni bilərəkdən uzatması ehtimalı 2023-cü ilin noyabrından etibarən gündəmə gətirilib və həmin vaxt bu iddialar sərt şəkildə təkzib edilib.
Analitikin yazdığına görə, əvvəlcə Co Baydenin, daha sonra isə Donald Trampın əsirlərlə bağlı razılaşmaya nail olmaq və Qəzza müharibəsinə son qoymaq üçün göstərdiyi təzyiq də bu prosesi dayandıra bilməyib.
O, eyni zamanda müharibənin davam etdirilməsi ilə bağlı daxili fikir ayrılıqlarını xatırladıb və Beni Qantz, Qadi Ayzenkot kimi bəzi siyasi və hərbi simaların Qəzza müharibəsinin daha tez başa çatdırılmasını və diqqətin Livan cəbhəsinə yönəldilməsini tələb etdiklərini yazıb.
Məqalənin digər hissəsində İsrail rejimi ordusunun bir neçə cəbhədə nəzarət etdiyi ərazilərin genişlənməsi diqqətə çatdırılıb.
Harelin iddiasına görə, İsrail ordusu hazırda 7 oktyabr 2023-cü il gecəsindən əvvəlki vəziyyətlə müqayisədə daha 1220 kvadrat kilometr əraziyə nəzarət edir. Bu ərazilərin Livan, Suriya və Qəzza zolağındakı üç cəbhədə yerləşdiyi bildirilir.
Həmçinin bu il İordan çayının qərb sahilində 26 yeni yaşayış məntəqəsinin yaradılmasının planlaşdırıldığı, indiyədək isə həmin ərazidə 95 məskunlaşma məntəqəsi və 42 ferma yaradıldığı qeyd olunur.
Son iki il ərzində İsrail rejiminin sərhədlərindən kənarda 63 hərbi baza da inşa edildiyi, onların əksəriyyətinin Qəzza zolağında yerləşdiyi bildirilir.
Hərbi analitik həmçinin İsrail ordusunun və ehtiyat qüvvələrinin üzərinə düşən yükün əhəmiyyətli dərəcədə artdığını yazıb.
Onun sözlərinə görə, sərhədlərin və nəzarət altındakı ərazilərin müdafiəsinə cəlb edilən qüvvələrin sayı 7 oktyabr əməliyyatından əvvəlki dövrlə müqayisədə təxminən 300 faiz artıb.
Harel bildirir ki, bunun nəticəsində ehtiyat qüvvələr ildə təxminən 100 gün xidmət keçirir, hərbi qüvvələr isə demək olar ki, fasiləsiz şəkildə əməliyyat fəaliyyətinə cəlb olunur. Bu vəziyyət ordunun təlim keçməsi və hərbi imkanlarını bərpa etməsi üçün kifayət qədər vaxtın qalmasına mane olur.
Eyni zamanda İsrail rejiminin müharibəyə indiyədək təxminən 420 milyard şekel xərclədiyi və iki ildən sonra ABŞ-ın illik təhlükəsizlik yardımının dayandırılması ehtimalının Təl-Əviv üçün digər narahatlıq mənbəyinə çevrildiyi bildirilir.
Harel məqaləsinin sonunda İsrail ordusunun Baş Qərargahında səsləndirilən qiymətləndirmələrə toxunaraq yazıb ki, mürəkkəb vəziyyətə baxmayaraq, ordunun ilişib qaldığı cəbhələrin sayını azaltmaq üçün siyasi addımların atılmasının vaxtı çatıb.
Lakin onun fikrincə, Netanyahu ən azı oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulan seçkilərədək belə bir addım atmağa ciddi hazır deyil.
Analitik həmçinin regional və beynəlxalq hadisələrə toxunaraq Donald Trampın diqqətini digər cəbhələrə yönəltməsindən söz açıb. Onun fikrincə, bu vəziyyət müharibənin gələcəyinə və ABŞ-ın Təl-Əvivin müharibə siyasətinə verdiyi dəstəyin səviyyəsinə təsir göstərə bilər.
Sizin rəyiniz