Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanı bildirib: Hörmüzqan vilayətinin sərhədçiləri keçirdikləri qətiyyətli əməliyyat zamanı bir yedək gəmisini müəyyən edərək saxlayıb və 2 milyon litr qaçaq yanacağın ölkədən çıxarılmasının qarşısını alıblar.
İİR HMQ Sərhəd Mühafizəsi Komandanı general Əli Əkbər Cavidan ölkənin dəniz sərhədlərində kəşfiyyat məlumatlarına tam nəzarətin və hərəkətlərin dəqiq izlənilməsinin vacibliyini vurğulayaraq, bu uğurlu əməliyyatın təfərrüatları barədə deyib: “Bəndər-Abbas Dəniz Sərhəd Mühafizəsi Bazasının sərhədçiləri mütəşəkkil qaçaqmalçılıq şəbəkəsinin böyük miqdarda yanacağı yedək gəmisi vasitəsilə Bəndər-Abbas sahillərindən 5 mil məsafədə xarici gəmiyə ötürmək niyyətində olduğunu öyrəniblər.”
O, sərhədçilərin qüdrəti və ayıq-sayıqlığının ölüm tacirləri və qaçaqmalçıların bütün məkrli planlarını puça çıxardığını bildirərək əlavə edib: “Dərhal Bəndər-Abbas Dəniz Sərhəd Mühafizəsi Bazasının qabaqcıl avadanlıqlarla təchiz edilmiş patrul və əməliyyat qrupları göstərilən əraziyə göndərilib. Sərhədçilərin sürətli və çevik müdaxiləsi nəticəsində qanunsuz fəaliyyət göstərən gəmi yanacağın xarici gəmiyə boşaldılmasından və ötürülməsindən əvvəl mühasirəyə alınaraq saxlanılıb.”
İİR HMQ Sərhəd Mühafizəsi Komandanı qeyd edib: “Bu su nəqliyyat vasitəsinin hərtərəfli yoxlanılması zamanı 2 milyon litr qaçaq dizel yanacağı aşkarlanaraq müsadirə edilib. Həmçinin bu əməliyyat zamanı qaçaqmalçılıq şəbəkəsinin 6 üzvü və əsas şübhəlisi saxlanılıb və qanuni prosedurların həyata keçirilməsi, eləcə də iş üzrə sənədləşmənin aparılması üçün məhkəmə orqanlarına təhvil verilib.”
Sizin rəyiniz